Süni intellekt texnologiyalarına ayrılan investisiyaların sürətlə artması və bu sahədə borclanmanın genişlənməsi qlobal maliyyə sistemində yeni risklər yarada bilər. Britaniya Mərkəzi Bankı texnologiya şirkətləri arasında maliyyə əlaqələrinin mürəkkəbləşməsinin bir sahədə yaranan problemin digər bazarlara da yayılması ehtimalını artırdığını bildirib.
Bugun.tv xəbər verir ki, hesabata əsasən, süni intellekt sistemləri üçün böyük məlumat mərkəzləri quran iri texnologiya şirkətlərinin 2026-cı ildə buraxacağı istiqrazların ümumi həcminin 305 milyard dolları ötəcəyi gözlənilir. Bu şirkətlərin bir-birinə maliyyə dəstəyi göstərməsi və gələcək gəlirlər əsasında mürəkkəb borclanma razılaşmaları bağlaması sektordaxili asılılığı artırır.
Mərkəzi Bank xəbərdarlıq edir ki, süni intellekt şirkətlərinin gözlənilən gəlirləri əldə edə bilməməsi, səhm qiymətlərinin kəskin enməsi və borcların qaytarılmasında çətinliklər maliyyə bazarlarında itkilərə səbəb ola bilər.
Hesabatda kibertəhlükəsizlik risklərinə də diqqət çəkilib. Süni intellekt sistemlərinin və rəqəmsal xidmət təminatçılarının sayının artması bankların texnoloji infrastrukturdan asılılığını gücləndirir. Bir böyük xidmət təminatçısında yaranan nasazlıq eyni texnologiyadan istifadə edən çoxsaylı maliyyə qurumlarının fəaliyyətinə təsir göstərə bilər.
Bununla yanaşı, Mərkəzi Bank Britaniya maliyyə sisteminin hazırda ümumilikdə dayanıqlı qaldığını vurğulayıb.
Mənbə: Reuters
