Bugun.tv xəbər verir ki, Avropa İttifaqı qarşıdakı 10 il ərzində dünyada təxminən 50 min peykin kosmosa göndəriləcəyini gözləyir. Lakin mövcud peyk buraxılışı imkanlarının bu tələbi qarşılamaq üçün kifayət etmədiyi bildirilir.
Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə keçirilən 2-ci AB Kosmosa Çıxış Konfransında bildirib ki, Avropanın kosmosa müstəqil çıxış imkanlarını genişləndirməsi vacibdir.
Onun sözlərinə görə, AB-nin Galileo peyk naviqasiya sistemi, Copernicus Yer müşahidə proqramı və təhlükəsiz peyk rabitəsi şəbəkəsi IRIS layihələri üçün 2034-cü ilədək 62 buraxılış həyata keçirilməlidir.
Kubilius bildirib ki, yaranmış imkan çatışmazlığı aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Avropanın kosmik proqramları ilə yanaşı, müdafiə və təhlükəsizlik imkanları da bundan asılıdır.
Komissar Avropanın xarici raketlərdən asılılığını azaltmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb. O, qitədəki buraxılış meydançalarına, istehsal və sınaq mərkəzlərinə baş çəkərək imkanların artırılması yollarını qiymətləndirəcəyini deyib.
Kubilius gələn il kosmosa çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət planının təqdim edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Mənbə: Ensonhaber
