ABŞ prezidenti Donald Trump ilə Çin sədri Xi Jinping arasında Pekində keçirilən yüksək səviyyəli görüşdən yayılan foto sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub. Səbəb isə hər iki nümayəndə heyətində qadınların demək olar ki, yer almaması olub.
Pekindəki Böyük Xalq Zalında baş tutan görüşdə Çin əsgərləri, ABŞ və Çin bayraqları dalğalandıran uşaqlar, yüksək rütbəli məmurlar və iri biznes nümayəndələri iştirak edib. Lakin masada qadın nümayəndələrin olmaması diqqətdən yayınmayıb.
Harvard Universitetinin iqtisadiyyat professoru Gita Gopinath sosial şəbəkədə paylaşdığı fikirdə bildirib ki, “dünyanın iki ən böyük iqtisadiyyatının görüşündə bir dənə də qadının olmaması meritokratiyanın sonu kimi görünür”.
Stanford Universitetinin gender tədqiqatları proqramının direktor müavini Halima Kazem isə bunu “kişilərə xas, hərbiləşdirilmiş və təcrid olunmuş güc nümayişi” adlandırıb. Onun sözlərinə görə, əvvəlki illərdə ABŞ-Çin sammitlərində qadın rəsmilər də mühüm rol oynayırdı.
Ekspertlər hesab edir ki, belə görüntülər qadınların qlobal siyasətdəki rolunun arxa plana keçirildiyi mesajını verir. Tənqidçilər bildirirlər ki, bu yanaşma müasir diplomatiyada gender balansı ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mənbə: The Guardian
