Bugun.tv- xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşdığı şərhdə İsrailin Suriyada İŞİD terror təşkilatının yenidən fəallaşmasında maraqlı olduğunu iddia edib.
Ekspert bildirib ki, Suriyada İŞİD-in yenidən dirçəlməsi və hücumların artması əsasən ölkədə kürd faktorunu yenidən aktivləşdirmək və Suriyada siyasi sabitliyin formalaşmasına mane olmaq məqsədi daşıyır. Onun fikrincə, bu planın arxasında İsrail dayanır.
Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrail Suriyaya açıq hərbi müdaxilə edə bilmədiyi üçün alternativ yollarla bölgədə təsir imkanlarını genişləndirməyə çalışır. O, həmçinin kürd silahlı qruplaşmalarının fəaliyyətinin yenidən bərpası istiqamətində addımlar atıldığını iddia edib.
Ekspertin sözlərinə görə, İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil. Son aylarda Suriyanın hərbi potensialını artırması və hava hücumundan müdafiə sistemləri qurması İsraildə narahatlıqla qarşılanır.
Şərhdə həmçinin bildirilib ki, İsrail Suveyda bölgəsində druziləri silahlandırır, eyni zamanda şimal-şərqdə İŞİD vasitəsilə Suriya hökumət qüvvələrinə qarşı hücumların genişləndirilməsinə çalışır.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, Suriyanın güclənməsi və Türkiyənin bölgədə artan siyasi təsiri İsraili narahat edən əsas amillərdəndir. Onun sözlərinə görə, İsrail rəsmiləri vaxtaşırı Suriyanın gələcəkdə Qolan təpələri ilə bağlı iddialar irəli sürə biləcəyindən ehtiyat edir.
Ekspert hesab edir ki, İsrailin planları Suriyanın şimal-şərqində kürdlərə, Suveyda bölgəsində isə druzilərə muxtariyyət qazandırmaq və bununla Dəməşq hökumətinə davamlı təzyiq göstərmək məqsədi daşıyır.
Bununla belə, siyasi ekspert qeyd edib ki, Türkiyə və Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcək.
