Bugun.tv xəbər verir ki, ABŞ-ın Texas ştatında Tesla Model 3 markalı avtomobilin avtopilot rejimində hərəkət edərkən yaşayış evinə çırpılması nəticəsində 76 yaşlı qadın həyatını itirib.
Məlumata görə, hadisə Hyuston şəhərindən təxminən 48 kilometr qərbdə yerləşən Keti şəhərində baş verib. Avtomobili idarə edən Maykl Batler cümə günü axşam saatlarında aktiv edilmiş sürücüyə yardım sistemi ilə hərəkətdə olub. İstintaq materiallarında sürücünün hərəkət zolağında qala bilmədiyi, yoldan çıxaraq yaşayış evinə çırpıldığı bildirilir.
Qəza nəticəsində evdə olan 76 yaşlı Marta Avila ağır xəsarətlər alıb. O, helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hüquq-mühafizə orqanları sürücünün alkoqol və ya narkotik vasitələrin təsiri altında olmadığına dair ilkin nəticələrin əldə edildiyini açıqlayıb. Avtomobilin hadisə zamanı hansı sürətlə hərəkət etdiyi isə hələ müəyyən edilməyib.
Qeyd edək ki, bu, Tesla-nın avtopilot sistemi ilə əlaqələndirilən ilk ölüm hadisəsi deyil. Daha əvvəl də şirkətin sürücüyə yardım texnologiyası ilə bağlı ölümcül qəzalar qeydə alınıb.
Mənbə: Ensonhaber
