ABŞ-da noyabrın 13-də ölkə üzrə hava limanlarında uçuşların müvəqqəti dayandırılmasına səbəb olan texniki nasazlıqla bağlı müzakirələr davam edir. Senatın Demokrat üzvləri hadisənin əsl səbəbinin və gələcəkdə belə halların qarşısını almaq üçün görüləcək tədbirlərin ictimaiyyətə ətraflı açıqlanmasını tələb edirlər.
Bugun.tv xəbər verir ki, Demokrat senatorlar ABŞ-ın nəqliyyat naziri Şon Daffiyə və Federal Aviasiya Administrasiyasının rəhbərliyinə birgə məktub göndərərək, hava hərəkətinə nəzarət sistemində baş verən nasazlığın kök səbəbinin araşdırılmasına çağırıblar.
Senatorların fikrincə, nasazlığa səbəb olan cihazın müəyyənləşdirilməsi problemin niyə yarandığını tam izah etmir. Onlar Federal Aviasiya Administrasiyasının daha geniş araşdırma aparmasını, nəticələri Konqresə təqdim etməsini və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər planı hazırlamasını istəyirlər.
Demokratlar həmçinin hava hərəkətinə nəzarət sistemində köhnə avadanlıqların yeniləri ilə əvəzlənməsi prosesinə diqqət çəkiblər. Onlar yeni marşrutlaşdırıcı qurğuların quraşdırılmasının araşdırma başa çatanadək müvəqqəti dayandırılmasını təklif edirlər.
Noyabrın 13-də nə baş vermişdi?
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, noyabrın 13-də rabitə şəbəkəsində yaranan texniki problem səbəbindən ölkə üzrə uçuşlar müvəqqəti dayandırılıb. Nasazlıq hava hərəkətinə nəzarət mərkəzlərinin fəaliyyətinə təsir göstərib.
Qurumun açıqlamasında bildirilib ki, şəbəkəyə saniyədə deyil, hər 4-5 saniyədə təxminən 1000 bağlantı cəhdinin daxil olması köhnə avadanlıqlarda qeyri-sabitlik yaradıb. Problem 22 regional hava hərəkətinə nəzarət mərkəzindən 17-də müşahidə olunub.
Federal Aviasiya Administrasiyası uçuşların təhlükəsizliyini qorumaq məqsədilə məhdudiyyət tətbiq edib. Hava məkanı həmin gün Bakı vaxtı ilə noyabrın 14-də səhər saatlarında yenidən açılıb. Qurumun sonrakı açıqlamasında bildirilir ki, hadisə ilə əlaqədar aviaşirkətlər təxminən 12 462 uçuşu ləğv ediblər. Bu rəqəmə nasazlıqla birbaşa bağlı olmayan bəzi ləğvlər də daxildir.
ABŞ Nəqliyyat Nazirliyi hava hərəkətinə nəzarət sisteminin yenilənməsi üçün Konqresdən 50 milyard dollar vəsait ayrılmasını istəyir. Demokrat senatorlar isə maliyyələşdirmə ilə yanaşı, baş vermiş nasazlığın səbəblərinin tam araşdırılmasının və təhlükəsizlik tədbirlərinin açıqlanmasının vacibliyini vurğulayırlar.
Mənbə: Trt.haber
