Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ və İran arasında gərginliklə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur ki, ABŞ-la İran arasında razılaşma memorandumunun imzalanmasına yaxın Vaşinqtonun İrana məhdud zərbələr endirdiyi bildirilir. Məlumata görə, bu proses tərəflər arasında aparılan danışıqlar fonunda baş verib.
Ekspertin sözlərinə görə, İran rəsmiləri zənginləşdirilmiş uranın Çinə verilməsi ilə bağlı razılığa gəlib və ölkənin xarici işlər naziri də daxil olmaqla yüksək vəzifəli şəxslər danışıqları davam etdirmək üçün Qətərə səfər ediblər.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ-ın danışıqlara yaxın mərhələlərdə hərbi addımlar atması prosesə mənfi təsir göstərir və bu, tərəflər arasında etimad böhranını dərinləşdirir.
Paylaşımda həmçinin qeyd olunur ki, İran uzun müddət ABŞ təzyiqlərinə baxmayaraq strateji mövqelərini qoruyub saxlayıb və Hörmüz boğazı üzərində nəzarət məsələsi Vaşinqton üçün ciddi geosiyasi çətinlik yaradıb.
Ekspertin fikrincə, ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməyib və hərbi təzyiq vasitəsilə strateji üstünlük əldə etməkdə çətinlik çəkir. Buna baxmayaraq, İranın iqtisadi vəziyyətinin ağırlaşması və sosial problemlərin artması fonunda Tehran danışıqlara maraqlıdır.
Qeyd olunur ki, tərəflər arasında gələcək razılaşma ehtimalı qalmaqdadır, lakin prosesin gedişi qeyri-müəyyən olaraq qalır.
