Bugun.tv xəbər verir ki, Həcc ibadətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanında olan zəvvarların böyük əksəriyyəti Ərəfat bölgəsinə çatıb.
Aralarında türkiyəli zəvvarların da olduğu hacı namizədləri dünən saat 14:00-dan etibarən qruplar halında Məkkədən təxminən 25 kilometr şərqdə yerləşən Ərəfata yola düşüblər.
Səfərdən əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri zəvvarların “Nusuk” adlı xüsusi kartlarını yoxlayıb və avtobuslara qrupların məlumatlarını əks etdirən barkodlar yerləşdirilib.
Zəvvarları daşıyan avtobusların böyük hissəsi gecə saatlarında Ərəfata çatıb. Səhərə qədər hacı namizədlərinin daşınması davam edib.
Ərəfata ilk çatan zəvvarlar Həzrəti Adəm və Həzrəti Həvvanın yer üzündə görüşdüyünə inanılan Cəbəl ər-Rahmə (Rəhmət təpəsi) ərazisinə qalxaraq dualar ediblər.
Hacı namizədləri qruplar üzrə yerləşdirildikləri kondisionerli çadırlarda qalır və vaxtlarını Quran oxumaq, namaz qılmaq və dua etməklə keçirirlər.
Bu gün günorta və ikindi namazlarının birlikdə qılınmasından sonra Türkiyə Diyanət İşləri Başçısı Safi Arpaguşun Vakfə duası edəcəyi bildirilib.
Vakfə mərasimindən sonra zəvvarlar Müzdəlifəyə yollanacaq, burada şeytan daşlama mərasimi üçün daş toplayacaqlar. Daha sonra Mina bölgəsinə keçərək “Böyük Şeytan” adlanan Akabə Cəmrəsinə 7 daş atacaqlar.
Bayramın ikinci və üçüncü günlərində isə zəvvarlar Kiçik, Orta və Böyük Cəmrələrə yenidən daş atma mərasimini yerinə yetirəcəklər.
Mənbə: TrtHaber
