Bugun.tv xəbər verir ki, ABŞ-nin Hudson İnstitutunun baş elmi işçilərindən olan Luke Coffey Türk Dövlətləri Təşkilatının (TDT) qlobal geosiyasətdə artan roluna diqqət çəkərək Vaşinqtonu təşkilatla əməkdaşlığı dərinləşdirməyə çağırıb.
Coffey tərəfindən qələmə alınan təhlildə TDT-nin Avrasiyanın mərkəzində yerləşən mühüm geosiyasi, iqtisadi və strateji güc olduğu vurğulanıb. Bildirilib ki, təşkilata üzv və müşahidəçi ölkələr birlikdə təxminən 170 milyon əhalini və 2,4 trilyon dollardan çox ümumi daxili məhsulu təmsil edir.
Amerikalı ekspert qeyd edib ki, Türk dünyasının iqtisadi potensialı onu G20 ölkələrinin iqtisadiyyatları ilə müqayisə edilə biləcək səviyyəyə çatdırır. Onun sözlərinə görə, təşkilatın əhəmiyyəti həm də qlobal ticarət yolları, enerji resursları və kritik mineral yataqları üzərində yerləşən strateji mövqeyindən qaynaqlanır.
Təhlildə vurğulanıb ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan türk dövlətləri ortaq əlifba və dil sahəsində əməkdaşlıq vasitəsilə ortaq kimliklərini gücləndirirlər. Eyni zamanda, TDT-nin fəaliyyət istiqamətləri artıq süni intellekt, gömrük prosedurları, regional əlaqələrin inkişafı və hərbi əməkdaşlıq kimi sahələri də əhatə edir.
Luke Coffey hesab edir ki, ABŞ Avrasiyadakı maraqları, təhlükəsiz ticarət marşrutları və strateji xammal ehtiyatlarına çıxışı baxımından Türk Dövlətləri Təşkilatını diqqətdən kənarda qoya bilməz. O, ABŞ dövlət katibi Marco Rubionu ABŞ–TDT Zirvəsinin keçirilməsinə və ya TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyevin Vaşinqtona dəvət olunmasına çağırıb.
Ekspert bildirib ki, böyük güclər arasında rəqabətin gücləndiyi indiki dövrdə ABŞ etibarlı tərəfdaşlara, enerji və kritik minerallara çıxışa, eləcə də təhlükəsiz ticarət marşrutlarına ehtiyac duyur və Türk Dövlətləri Təşkilatı bu imkanları təmin edə bilər.
Mənbə: TrtHaber
