ABŞ-da texnologiya və müdafiə sahəsində diqqət çəkən yeni əməkdaşlıq müzakirələrə səbəb olub. Google ilə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) arasında süni intellekt modellərinin gizli layihələrdə istifadəsini nəzərdə tutan razılaşma imzalandığı bildirilir.
The Information nəşrinin məlumatına görə, sözügedən razılaşma Pentaqona Google-un süni intellekt texnologiyalarını “hökumətin qanuni məqsədləri” üçün istifadə etməyə imkan verir. Eyni zamanda şirkətin dövlət qurumlarının tələbi əsasında süni intellekt sistemlərinin təhlükəsizlik parametrlərinin və filtr mexanizmlərinin tənzimlənməsinə də dəstək verəcəyi qeyd olunur.
Razılaşmada vurğulanır ki, süni intellekt sistemləri insan nəzarəti olmadan kütləvi izləmə və ya avtonom silahların (o cümlədən hədəf seçimi) yaradılması üçün nəzərdə tutulmayıb və bu məqsədlərlə istifadə edilməməlidir. Bununla belə, sənəd Google-a əməliyyat qərarlarına müdaxilə və ya veto hüququ vermir.
Məsələ şirkət daxilində də narazılıq doğurub. Google-un təxminən 600 əməkdaşı şirkətin baş direktoru Sundar Pichai-yə məktub ünvanlayaraq bu qərarın dayandırılmasını tələb edib. Onlar süni intellekt texnologiyalarının etik olmayan və təhlükəli məqsədlərlə istifadə olunma riskinə diqqət çəkiblər.
Məktubda ölümcül avtonom silah sistemləri və genişmiqyaslı nəzarət mexanizmləri kimi mümkün risklər xüsusi qeyd olunub. Əməkdaşlar xəbərdarlıq ediblər ki, bu cür qərarlar şirkətin qlobal nüfuzuna və fəaliyyətinə ciddi zərbə vura bilər.
Mənbə: EnSonHaber
