Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən başlaması dünya enerji bazarında neft qiymətlərinin artmasına səbəb olub. Xarici KİV-i yazır ki, investorlar Yaxın Şərqdə davam edən gərginliyin qlobal neft tədarükünə və əsas nəqliyyat marşrutlarına təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Məlumata görə, hərbi əməliyyatların yenidən başlaması xüsusilə Hörmüz boğazı ilə bağlı narahatlıqları artırıb. Dünyada neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji su yolu mümkün təhlükələr fonunda bazar iştirakçılarının diqqət mərkəzindədir. Al Jazeera-nın məlumatına görə, Brent markalı neftin qiyməti də yüksəlib və bazarlarda Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıq yaranıb.
Analitiklər hesab edirlər ki, qarşıdurmanın uzun müddət davam etməsi enerji bazarında qiymətlərin daha da dəyişkən olmasına səbəb ola bilər. Xüsusilə neft hasilatı və ixracına, eləcə də tankerlərin hərəkətinə hər hansı ciddi məhdudiyyət qlobal bazara birbaşa təsir göstərə bilər.
İnvestorlar hazırda ABŞ və İran arasındakı hərbi vəziyyətin növbəti mərhələsini, həmçinin bunun enerji infrastrukturuna təsirini izləyirlər. Gərginliyin azalması isə neft qiymətlərində əks istiqamətli dəyişiklik yarada bilər.
Mənbə: Al Jazeera
