Bugun.tv xəbər verir ki, alimlər Günəş və Ayın cazibə qüvvəsinin yaratdığı qabarma-çəkilmələrin bəzi qırılma zonalarında zəlzələ aktivliyinə necə təsir etdiyini müəyyənləşdiriblər.
JGR Solid Earth jurnalında dərc olunan yeni araşdırmada alimlər yer qabığındakı qırılmalara qabarma-çəkilmələrin təsirini modelləşdiriblər. Nəticələr göstərib ki, çox kiçik olan qabarma gərginliyi bəzi qırılmalarda hərəkətə səbəb ola bilər.
Tədqiqatçılar qırılma səthləri arasındakı sürtünmənin hərəkətin sürətindən və süxurların təmas xüsusiyyətlərindən asılı olaraq dəyişdiyini müəyyən ediblər. Hərəkət sürətləndikcə sürtünmə azalır və sürüşmə güclənir. Qırılmanın xüsusiyyətlərindən, eləcə də qabarma təsirinin gücündən və davametmə müddətindən asılı olaraq bu proses ya yavaş sürüşmə, ya da zəlzələ şəklində baş verə bilər.
Alimlər hesab edirlər ki, qabarma təsiri müəyyən həddi keçdikdə və onun müddəti qırılmanın reaksiyasına uyğun gəldikdə rezonansa bənzər proses yaranır. Yaponiya və Sakit okeanın şimal-qərbində müşahidə edilən bəzi zəlzələlərin 12 və 24 saatlıq dövrlərlə qabarma-çəkilmələrə uyğunlaşması da bu mexanizmlə əlaqələndirilir.
Tədqiqatın nəticələri seysmoloqlara qırılma zonalarında aktivliyi qabarma-çəkilmələrlə müqayisə etməyə və zəlzələ riskinin öyrənilməsini təkmilləşdirməyə kömək edə bilər.
Mənbə: Наука Mail
