Beynəlxalq alimlər qrupu mikroorqanizmlərin plastik tullantıları parçalama potensialının gözləniləndən xeyli yüksək olduğunu müəyyən edib. Araşdırmaya görə, bakteriyaların təxminən 95 faizində plastik və digər polimerləri parçalaya bilən ən azı bir gen mövcuddur.
Tədqiqat nəticələri Environmental Technology & Innovation jurnalında dərc olunub. Alimlər 600 mindən çox mikrob zülalını analiz edərək onların həm təbii, həm də sintetik plastik növlərini parçalaya bildiyini aşkar ediblər.
Məlumata görə, mikroorqanizmlər plastikləri “emal edərək” onlardan karbon əldə edir və bu enerjini böyümə, hərəkət və çoxalma üçün istifadə edirlər. Bu proses uzun illərdir məlum olsa da, onun bu qədər geniş yayıldığı ilk dəfədir bu səviyyədə sübut edilir.
Araşdırma çərçivəsində alimlər 625 mindən çox zülalı əhatə edən qlobal məlumat bazası yaradıblar. Bu zülallar 11 təbii və 28 sintetik plastik növünü parçalaya bilir. Kataloq 23 müxtəlif mühitdən — okeanın dərin qatlarından tutmuş qütb bölgələrinə qədər — toplanmış məlumatları əhatə edir.
Nəticələr göstərir ki, plastik parçalama qabiliyyəti mühitdən asılı olaraq dəyişir. Xüsusilə torpaq ekosistemlərində bu funksiyaya malik fermentlər daha geniş yayılıb.
Tədqiqatçılar hesab edir ki, bu məlumatlar gələcəkdə daha ekoloji təmiz materialların hazırlanmasına və biotexnologiya sahəsində yeni həllərin yaradılmasına kömək edə bilər. Mikrobların təbii proseslərini anlamaq, tullantıların daha effektiv şəkildə parçalanmasına uyğun innovativ materialların hazırlanmasına imkan verə bilər.
Mənbə: mail.ru
