Yeni araşdırma iqlim dəyişikliyinin insanların daha çox şəkər istehlak etməsinə səbəb olduğunu ortaya qoyub. Temperaturun artması ilə qazlı içkilərə, meyvə şirələrinə, dondurmaya və soyuq desertlərə tələbat xüsusilə yüksəkdir.
Kardiff Universitetindən ətraf mühit elmləri və davamlılıq üzrə ekspert Pan Henin də daxil olduğu araşdırma 2004-2019-cu illər arasında ABŞ ev təsərrüfatları üçün ərzaq alışı məlumatlarını araşdırıb.
Bu məlumatlar regional hava məlumatları ilə müqayisə edildikdə, temperaturun artması ilə şəkərli içkilərin və şirniyyatların istehlakının artdığı aşkar edilmişdir.
Araşdırmaya görə, temperaturun hər 1 dərəcə Selsi artımına görə adambaşına gündəlik əlavə şəkər istehlakı 0,7 qram çox olur. Təsir xüsusilə 20-30 dərəcə Selsi aralığında özünü göstərir.
Aşağı gəlirli qruplar daha çox risk altındadır
Tədqiqat göstərdi ki, təsir aztəminatlı və aşağı təhsilli ailələrdə daha güclüdür. Bu qrupların şəkərli məhsullara daha asan və ucuz çıxışı olduğu üçün isti havalarda daha çox istehlak edirlər.
Bundan əlavə, daha az kondisioner istifadəsi bu tendensiyanın daha da gücləndirilməsinə səbəb olur.
Tədqiqatçıların proqnozuna görə, istixana qazı emissiyaları azalmasa, ABŞ-da adambaşına gündəlik şəkər istehlakı 2095-ci ilə qədər 3 qram arta bilər. Bu artım piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini daha da artıracaq.
Mütəxəssislər xəbərdarlıq edir: Amerika Ürək Assosiasiyası gündəlik kalorilərin 6 faizindən çoxunun əlavə şəkərdən alınmasını tövsiyə edir. Bu, kişilər üçün gündə 36 qram, qadınlar üçün isə 26 qramdan çox olmamalıdır.
Tədqiqatda iştirak etməyən Kembric Universitetindən Charlotte Kukowski, araşdırmanın “iqlim dəyişikliyinin insan sağlamlığına necə təsir göstərə biləcəyinin diqqətdən kənarda qalan bir ölçüsünü” ortaya qoyduğunu ifadə edərək, ən həssas qrupların həm istiyə ən çox məruz qaldığını, həm də pəhrizlə əlaqəli xəstəliklərə ən həssas olduğunu qeyd edib.
Tədqiqatçılar bu əlaqənin müxtəlif bölgələrdə araşdırılmalı olduğunu vurğulayırlar. Mütəxəssislərin fikrincə, şəkər istehlakının idarə edilməsi iqlim dəyişikliyinə uyğunlaşma siyasətinin bir hissəsi kimi qəbul edilə bilər.
Mənbə: TrtHaber