2023-cü ildə Sakit okeanın dərinliklərində aşkar edilən və uzun müddət sirr olaraq qalan “qızıl kürə”nin mənşəyi nəhayət müəyyən edilib. Tədqiqat nəticələrinə görə, bu qeyri-adi obyekt dəniz anemonunun (aktiniyanın) qoruyucu qabığının bir hissəsi olub.
Məlumata görə, tapıntı NOAA-ya məxsus tədqiqat gəmisinin heyəti tərəfindən Alyaska sahillərində aparılan araşdırmalar zamanı aşkarlanıb. Obyekt 3 kilometrdən çox dərinlikdə, Deep Discoverer adlı uzaqdan idarə olunan aparat vasitəsilə tapılıb.

İlkin mərhələdə alimlər bu kürənin dəniz canlısının yumurtası, mikrob örtüyü və ya süngər ola biləcəyini ehtimal edirdilər. Lakin aparılan geniş analizlərdən sonra məlum olub ki, bu, Relicanthus daphneae növünə aid dəniz anemonunun kutikula adlanan nazik qoruyucu təbəqəsinin qalıqlarıdır.
Mütəxəssislər bildirirlər ki, bu təbəqə canlı orqanizmin bədənini örtür və müəyyən hallarda ondan ayrılaraq müstəqil formada qala bilər. Bununla belə, kürənin necə formalaşdığı hələ də tam aydın deyil.
Alimlərin fikrincə, bu struktur natamam aseksual çoxalma prosesi nəticəsində yaranmış ola bilər. Belə ki, bəzi dəniz anemonları bədənlərinin bir hissəsini ayıraraq yeni fərdlər yarada bilirlər.
Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf dərin okean ekosistemlərinin hələ də az öyrənildiyini bir daha göstərir və bu sahədə daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayır.

Mənbə: mail.ru
