Bugun.tv xəbər verir ki, İsveçrə və ABŞ alimləri uşaqlıq dövründə əldə olunan təcrübələrin beynin inkişafına və gələcək psixi sağlamlığa ciddi təsir göstərdiyini müəyyən ediblər.
Tədqiqatçılar yeni “kritikom” anlayışını irəli sürüblər. Bu termin insanın doğulduğu andan təxminən 25 yaşına qədər topladığı bütün sensor, sosial və mədəni təcrübələrin beynə təsirini ifadə edir. Alimlərin fikrincə, bu dövrdə beyin xüsusilə həssas olur və əldə edilən təcrübələr uzunmüddətli iz buraxır.
Araşdırmada autizm, şizofreniya, depressiya və posttravmatik stress pozuntusu kimi xəstəliklərə yalnız yetkin yaş dövrünün problemi kimi deyil, həm də inkişaf prosesində yaranan dəyişikliklər kimi baxılması təklif olunur.
Mütəxəssislər xüsusilə uşaqların ekran qarşısında keçirdiyi vaxtdan narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, müasir uşaqlar beyin inkişafının ən həssas mərhələlərində smartfon, planşet və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə edir ki, bu da gələcəkdə psixi sağlamlığa təsir göstərə bilər.
Alimlər hesab edirlər ki, erkən yaşlarda qazanılan təcrübələrin beynin formalaşmasında rolunu daha dərindən öyrənmək gələcəkdə psixi xəstəliklərin səbəblərini daha yaxşı anlamağa kömək edəcək.
Mənbə: mail.ru
