Qlobal temperatur artımının Paris İqlim Sazişində müəyyən edilmiş 1,5 dərəcə həddini müvəqqəti də olsa aşması Yer kürəsinin buz və qar örtüyünə uzunmüddətli, hətta geri dönməz zərər vura bilər.
Bugun.Tv xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün bir araya gətirdiyi 80 alimin hazırladığı hesabatda bildirilib. Məlumatı TRT Haber “The Guardian” nəşrinə istinadən yayıb.
Hesabatda qeyd olunur ki, kriosfer – buzlaqları, qütb buz örtüklərini, dəniz buzlarını, qar örtüyünü və daimi donuşluq ərazilərini əhatə edən sistem – iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Yer kürəsi sənayedən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,3 dərəcə istiləşib.
Buz örtükləri əvvəlkindən altı dəfə sürətlə əriyir
Alimlərin qiymətləndirməsinə görə, Qrenlandiya və Antarktida buz örtükləri 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə əriyir. Temperatur sonradan 1,5 dərəcəyə endirilsə belə, buz itkisi davam edə, dəniz səviyyəsinin yüksəlməsinə və su ehtiyatlarının azalmasına səbəb ola bilər.
Hesabatda vurğulanır ki, mövcud iqlim siyasətləri davam edərsə, qlobal istiləşmənin təxminən 2,8–3 dərəcəyə çatması ehtimalı var. Belə ssenaridə daimi donuşluq ərazilərinin böyük hissəsi əriyə, okean dövranında ciddi pozuntular yarana və qütb okeanlarının turşulaşması sürətlənə bilər.
Hindu Kuş-Himalay dağ sistemindəki buzlaqlar dünya əhalisinin təxminən dörddə biri üçün su mənbəyidir. Hesabata əsasən, istiləşmə indiki siyasətlərin proqnozlaşdırdığı səviyyədə davam edərsə, həmin ərazidəki buz kütləsinin yalnız 41 faizi qala bilər. Temperatur artımı 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, bu göstəricinin 83 faizə çatacağı gözlənilir.
Alimlər xəbərdarlıq edirlər ki, buz və qar sistemlərində baş verən bəzi dəyişikliklərin bərpası yüzillərlə, hətta minilliklərlə davam edə bilər. Buna görə də istixana qazı emissiyalarının təcili azaldılması və atmosferdən karbonun uzaqlaşdırılması vacib sayılır.
Mənbə: TRT Haber
