Hörmüz boğazında gəmiçilikdə yaranan pozuntular dünya enerji bazarında ehtiyatların sürətlə azalmasına səbəb olub. Son aylarda qlobal neft ehtiyatlarından təxminən 1 milyard barel istifadə edildiyi bildirilir.
Bugun.Tv xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft şirkəti ADNOC-un baş icraçı direktoru Sultan Əl-Cabir açıqlama verib. Onun sözlərini “Reuters” agentliyi yayıb.
Əl-Cabirin sözlərinə görə, bəzi bölgələrdə dizel yanacağı ehtiyatları ilin bu dövrü üçün son 35 ilin ən aşağı səviyyəsinə düşüb. Bundan başqa, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında təxminən 600 milyard kubfut həcmində təchizat çatışmazlığı yaranıb.
O bildirib ki, bir çox bazarda dizelin qiyməti rekord həddə yüksəlib. Müharibə ilə əlaqədar təchizatın pozulması inflyasiyanı və yaşayış xərclərini artırmaqla hökumətlər və istehlakçılar üçün əlavə risklər yaradır.
Əl-Cabir qeyd edib ki, enerji təhlükəsizliyini gücləndirmək üçün strateji ehtiyat anbarları genişləndirilməli, daha böyük yanacaq ehtiyatları yaradılmalı və istehlak bazarlarına yaxın ərazilərdə emal imkanları artırılmalıdır.
Onun məlumatına görə, neftin daşınması və logistika xərclərinin bir barelin ümumi dəyərindəki payı müharibədən əvvəlki 5 faizdən 30 faizə yüksəlib.
Mənbə: Reuters
