suyun təmizlənməsi, polimer mikrokapsullar, sənaye tullantı suları, Moskva alimləri, ekoloji texnologiyalar, flüoresan boya, suyun çirklənməsi, elmi yeniliklər
Maraqlı faktlar

Alimlər sənaye sularını beş dəqiqəyə təmizləyə bilən mikrokapsullar hazırlayıblar

Rusiyalı alimlər sənaye tullantı sularının təmizlənməsi üçün yeni texnologiya hazırlayıblar. Cəmi bir neçə mikrometr ölçüsündə olan polimer mikrokapsullar laboratoriya sınaqlarında sudakı xüsusi flüoresan boyanın 98–100 faizini beş dəqiqə ərzində özünə hopdura bilib.

Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” portalı TASS-a və Moskva Politexnik Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Texnologiya Moskva Politexnik Universiteti və Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun alimləri tərəfindən hazırlanıb.

Mikrokapsulların iş prinsipi elektrik yüklərinin qarşılıqlı təsirinə əsaslanır. Suda mənfi yüklü olan boya molekulları kapsulun daxilindəki müsbət yüklü polimer təbəqələrə cəlb olunur və orada saxlanılır. Alimlər bu quruluşu suyu və çirkləndirici maddələri özünə çəkən kiçik süngərə bənzədirlər.

Hər bir kapsulun ölçüsü təxminən 4,5 mikrometrdir. Bu, insan saçının qalınlığından təxminən 15 dəfə kiçikdir.

Yeni materialın əsas tətbiq sahələri tekstil, poliqrafiya və kosmetika müəssisələridir. Bu sahələrdə istehsal zamanı yaranan tullantı sularının son təmizlənmə mərhələsində mikrokapsullardan istifadə edilməsi nəzərdə tutulur.

Bununla belə, texnologiyanın müəyyən məhdudiyyətləri var. Mikrokapsullar çox çirklənmiş suların təmizlənməsi üçün uyğun deyil və təkrar istifadədə səmərəliliyi xeyli azalır. Buna görə alimlər onları birdəfəlik filtr materialı kimi tətbiq etməyi planlaşdırırlar.

Tədqiqatçılar gələcəkdə kapsulların duzlara davamlılığını artırmağı və onları real sənaye tullantı sularında sınaqdan keçirməyi nəzərdə tuturlar.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İtlər insanın keçmişini və təkamül tarixini öyrənməkdə alimlərə kömək edə bilər

Aynur Camal

Qədim Misirdə tanrılara qurban edilən pişiklərin ağır şəraitdə yaşadığı üzə çıxıb

Aynur Camal

Qadınların soyuğa daha həssas olmasının mümkün səbəbi araşdırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu