Almaniya Ukraynaya daha 1 milyard avro həcmində hərbi yardım göstərəcək. Bundan əlavə, ölkənin enerji infrastrukturunun bərpası üçün 350 milyon avro ayrılması nəzərdə tutulur.
Bugun.Tv xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu barədə Kiyevə səfəri zamanı açıqlama verib. O bildirib ki, yeni hərbi yardım paketinə Ukrayna ilə birgə pilotsuz uçuş aparatlarının istehsalı da daxildir.
Mertsin Kiyevdə olduğu vaxt Rusiya tərəfindən Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə hava zərbələri endirilib. Buna baxmayaraq, Almaniya kansleri Berlinin Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Səfər çərçivəsində Almaniya şirkətləri ilə Ukrayna tərəfi arasında ümumi dəyəri təxminən 6,6 milyard avro olan 14 saziş də imzalanıb. Razılaşmalar hava hücumundan müdafiə sistemləri, radar avadanlıqları və pilotsuz uçuş aparatlarına qarşı vasitələr də daxil olmaqla müxtəlif sahələri əhatə edir.
Almaniya hökuməti enerji sahəsinə ayrılacaq əlavə 350 milyon avronun Rusiyanın zərbələri nəticəsində zədələnmiş infrastrukturun bərpasına yönəldiləcəyini açıqlayıb.
Mənbə: The Guardian
