Bugun.tv xəbər verir ki, Almaniyanın kansleri Friedrich Merzin yay tətili əvvəlcədən nəzərdə tutulandan daha uzun çəkə bilər. Almanların daha çox və daha səmərəli işləməsinin vacibliyini vurğulayan Merzin tətilə iyulun 30-da çıxdığı və avqustun 26-da keçiriləcək Nazirlər Kabinetinin iclasına qədər vəzifəsinin gündəlik işlərindən uzaqda qalacağı gözlənilir.
Məlumata görə, Merzin olmadığı üçün avqustun 5-də Nazirlər Kabinetinin iclası keçirilməyib. Kanslerin tətilini davam etdirməsi səbəbindən avqustun 12-də keçirilən növbəti iclasa isə Baş nazirin müavini Lars Klingbeil rəhbərlik edib.
Merz sonuncu dəfə iyulun 30-da rəsmi tədbirlərdən birində iştirak edib. Daha sonra onun tətilinin əvvəlcədən planlaşdırılan tarixdən bir neçə gün artıq davam edəcəyi bildirilsə də, avqustun ortalarında kanslerin növbəti həftə də vəzifəsinin başında olmayacağı açıqlanıb.
Əgər mövcud təqvim dəyişməzsə, Merz iyulun 30-dan avqustun 26-dək, yəni təxminən 28 təqvim günü – 4 həftə ərzində rutin hökumət proqramlarından uzaqda olacaq.
Merz almanları daha çox işləməyə çağırmışdı
Friedrich Merz Almaniyanın iqtisadi gücünü və rifah səviyyəsini qoruması üçün insanların daha çox və daha səmərəli işləməsinin vacib olduğunu dəfələrlə vurğulayıb.
Kansler xüsusilə ölkənin iqtisadi artım problemlərinə və əmək bazarındakı işçi çatışmazlığına diqqət çəkərək, Almaniyada iş mədəniyyətinin dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.
Merzin tənqid etdiyi məsələlər arasında dörd günlük iş həftəsi və “iş-həyat balansı” yanaşması da yer alır. O hesab edir ki, Almaniyanın hazırkı rifah səviyyəsini qoruması üçün insanların əmək bazarına daha çox töhfə verməsi lazımdır.
Kanslerin bu mövqeyi Almaniyada ciddi müzakirələrə səbəb olub. Onun daha çox işləməyə çağırışlarının fonunda özünün təxminən dörd həftəlik yay tətilinə çıxması isə sosial mediada və ictimai müzakirələrdə diqqət çəkən məqamlardan birinə çevrilib.
Mənbə: EnSonHaber
