Dünya

Araşdırma: Süni intellekt nağıllardakı qadın personajları sildi

Süni intellekt modelləri ilə bağlı aparılan yeni araşdırma texnologiyanın insan düşüncəsindəki qərəzləri aradan qaldırmaq əvəzinə onları daha da dərinləşdirə biləcəyini ortaya qoyub. Vaşinqton Universitetinin apardığı araşdırmaya görə, süni intellekt uşaqlar üçün hekayələr hazırlayarkən qadın obrazlarını demək olar ki, tamamilə arxa plana keçirir.

Mifologiyadan nağıllara qədər bəşəriyyətin əsrlər boyu nəsildən-nəslə ötürdüyü hekayələr dünyanı anlamaq və dəyərləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm rol oynayır. Bu gün isə süni intellekt internetdəki mətnlərdən öyrənərək yeni hekayələr yaradır.

Vaşinqton Universitetinin tədqiqatçıları cinsi göstərilməyən danışan heyvan obrazları haqqında hekayələr hazırlamaq üçün süni intellekt modellərinə müraciət ediblər. Nəticə isə gözlənilməz olub.

Adi uşaq kitablarında erkək heyvan obrazları dişi obrazlardan təxminən iki dəfə çox olduğu halda, süni intellektin yaratdığı təxminən 24 min hekayədə də kişi obrazları üstünlük təşkil edib; qadın obrazlarının payı isə cəmi 2 faiz olub. Kişi obrazlarının payı isə 41 faizə çatıb. Mətnlərin qalan hissəsində obrazların cinsi ümumiyyətlə müəyyən edilməyib.

Tərəfsiz olmaq cəhdi qadın obrazlarının yoxa çıxmasına səbəb olub

Tədqiqatçılar hesab edirlər ki, süni intellekt hazırlayan şirkətlər qərəzdən uzaq olmaq məqsədilə modelləri daha obyektiv və cinsiyyətdən uzaq ifadələrdən istifadə etməyə yönəldirlər. Lakin araşdırmanın nəticələri göstərir ki, bu yanaşma qadın obrazlarının və digər qeyri-kişi kimliklərinin hekayələrdən silinməsi ilə nəticələnə bilər.

Danışan heyvanlardan istifadə etməklə universal və cinsdən asılı olmayan hekayələr yaratmaq məqsədi güdülsə də, süni intellekt insan dilindəki mövcud nümunələri fərqli şəkildə təkrarlayaraq qadın obrazlarını demək olar ki, görünməz edir.

Hekayələr getdikcə daha çox eyniləşir

Araşdırma yalnız cinslər arasındakı balanssızlığı deyil, süni intellektin yaratdığı məzmunun xüsusiyyətlərini də üzə çıxarıb. Məlum olub ki, modellər tez-tez eyni qəliblərdən istifadə edir. Məsələn, “odun ətrafında toplaşan heyvanlara məsləhət verən müdrik bayquş” kimi klişe obrazlar müxtəlif hekayələrdə təkrar-təkrar qarşımıza çıxır.

Süni intellektin təhsil, proqramlaşdırma və məzmun istehsalında rolunun getdikcə artdığı bir vaxtda bu sistemlərin cəmiyyətin dəyərlərinə və hekayəçilik mədəniyyətinə necə təsir göstərəcəyi ilə bağlı suallar da aktuallaşır.

Mənbə: TRT Haber 

Aynur Camal

Oxşar xəbərlər

Əfqanıstanda qadınların yarısı evdən çıxa bilmir – BMT

Aynur Camal

İspaniya və Avropa total günəş tutulmasına hazırlaşır

Aynur Camal

Qırmızı dənizdə yeni hücum: 4 ekipaj üzvü öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu