Rusiya Prezidenti Vladimir Putin ölkənin Arktika bölgəsinin inkişafı və bu ərazidə milli təhlükəsizliyin təmin olunması ilə bağlı yeni strategiyanı təsdiqləyib. Sənəd 2035-ci ilədək olan dövrü, həmçinin 2050-ci ilədək uzunmüddətli perspektivləri əhatə edir.
Bugun.tv xəbər verir ki, yeni strategiyada Arktikanın iqtisadi, nəqliyyat və hərbi-strateji əhəmiyyətinin artdığı vurğulanır. Sənəddə yeddi əsas prioritet müəyyən edilib. Bunlara milli suverenliyin və təhlükəsizliyin qorunması, region sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsi, faydalı qazıntı ehtiyatlarından istifadə, sənaye və texnologiyanın inkişafı, eləcə də Transarktika nəqliyyat dəhlizinin yaradılması daxildir.
Həmin dəhlizin həm ölkədaxili daşımalar, həm də beynəlxalq yük və sərnişin tranziti üçün rəqabətqabiliyyətli marşruta çevrilməsi nəzərdə tutulur.
Fərmana əsasən, Rusiya hökuməti qarşıdakı altı ay ərzində Arktika bölgəsinin və Transarktika nəqliyyat dəhlizinin inkişafı üzrə kompleks layihə hazırlamalıdır. Strategiyanın icrası mərhələlərlə həyata keçiriləcək: ilk mərhələ 2026–2030-cu illəri, ikinci mərhələ isə 2031–2035-ci illəri əhatə edəcək.
Hökumət görülən işlər barədə hər il iyunun 15-dək prezidentə hesabat təqdim etməlidir.
Mənbə: mail.ru
