14 C
Baku
28 Mart 2024, 19:21
Digər

Ayaqqabı alarkən nələrə diqqət etməliyik?

Bədənimizin yükünü ayaqlarımız çəkir. Bu səbəbdən ayaqqabı seçərkən diqqətli olmaq lazımdır. Onun rəngi və modelindən daha çox rahatlığı önəm daşıyır. Həkimlər bildirir ki, ayaqda problemlərin yaranmaması üçün ayaqqabının rahat və keyfiyyətli olması şərtdir.

Bəzi insanlar seçim edərkən ayaqqabının keyfiyyət və rahatlığından çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluq və eni mütənasib olmalıdır. Həmçinin, onun iç hissəsinin çox sürüşkən və sərt olmamasına xüsusi diqqət yetirmək lazımdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir.

Ortopedlər təbii dəridən hazırlanan ayaqqabılardan istifadə etməyi tövsiyə edir. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.

Mövzu ilə bağlı ortoped Ramin Rzayev Bugun.tv-yə bildirdi ki, ayaqqabı seçimi edərkən ilk növbədə ayaqqabının pəncə ölçüsünə uyğun olmasına diqqət etmək lazımdır. Ayaqqabı çox hündürdaban və yaxud dabansız olmamalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidir. Və yaxşı olardı ki, ayaqqabı seçimi edərkən ayaqqabı ortopedik, yəni üst və alt materialına görə elastik, dəridən nəm çəkə bilən olmalıdır. Eyni zamanda, ayaqqabı içliyinin  pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür.

Ayaqqabının elastik və yumşaq altlıqlı olması da vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil. Çünki bu ayaqqabı bədənin ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nahiyələrindəki əzələlər yüklənir və gərginləşir.

Ortoped onu da qeyd etdi ki, qadınların  uzun müddət hündürdaban ayaqqabılar geyinməsi  barmaqlarda, pəncədə müəyyən deformasiyaların yaranmasına gətirib çıxara bilir.

Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpki və göbələklərin yaranmasına səbəb olur.

Dermatoloq Sevinc Kərimova deyir ki, ayaqqabı sintetik materildan hazırlanıbsa, bu halda pambıq corablar geyinməyi tövsiyə edirəm. Bir dermatoloq olaraq deyə bilərəm ki, ayaq çox  tərlədikdə dəridə hiperhidroz dediyimiz xəstəlik nəticəsində qaşınan səpkilər əmələ gəlir. Bəzən irinli pustelyoz səpkilər də olur. Həmçinin, tərin tərkibindəki duzların dərini aşılaması, qıcıqlandırması nəticəsində bişməcə, barmaqarası göbələk və digər  dəri xəstəlikləri yarana bilər.

Sağlamlığımız hər şeydən üstündür. Ayaqqabı alarkən onun bizə yaraşmağına yox, hərəkət edərkən ayağımızın nə qədər rahat olmasına fikir verməliyik.

Nigar Məmmədova

Oxşar xəbərlər

Oğul ata anasını buçaqlamaqda şübhəli bilinərək saxlanıldı

Kəmalə Sultan

BMT: “Qəzzada 570 mindən çox insan dəhşətli aclıqla üzləşib”

İntizar Əmirova

Putin müsahibənin bir hissəsini Karlsona izah etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu