Azərbaycan rəhbərliyi Ermənistanla sərhəddə atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşdırılması, o cümlədən iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini davam etdirir. Ermənistan rəhbərliyi isə təxribatlar törətməklə bütün bu proseslərə əngəl törədir, regionda qarşıdurmalar yaratmağa cəhd edir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının reallaşması ABŞ üçün də əhəmiyyət kəsb edir. Təkcə bu ay ərzində ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə 3 dəfə zəng edib.
Bu fikirləri “Xalq qəzeti”nə “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı bildirib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata toxunan H. Niftalı qeyd etdi ki, Azərbaycan tərəfi bu sənədin müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib: “Bu günün reallığı ondan ibarətdir ki, Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir. Azərbaycan Prezidenti bu və bu kimi məsələləri E.Blinkenin diqqətinə dəfələrlə çatdırıb. Prezident İlham Əliyev telefon danışıqlarının birində ABŞ dövlət katibinə bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Çünki Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir. E.Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini vəd edib. Ancaq bu istiqamətdə hələlik ciddi nəticə müşahidə olunmur”.
İctimai Birliyin sədri vurğulayıb ki, Azərbaycan – ABŞ əlaqələri strateji xarakter daşıyır. ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsinin icrasına dəstək verib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Bu mənada regionda davamlı sülhün yaranmasında rəsmi Vaşinqton da maraqlı olmalıdır və Birləşmiş Ştatlar Qərbin enerji təhlükəsizliyinin təminatında ciddi rol oynayan Azərbaycanın sülh gündəliyini dəstəkləməlidir.
Hazırladı: Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”