“Son illərdə Azərbaycan və Çin arasında əlaqələr daha da inkişaf edir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasətində Şərqi və Mərkəzi Asiya ölkələri, o cümlədən Çin daha önəmli yer tutmağa başlayıb. Çin bu gün dünyanın ən güclü dövlətlərindən biridir və onunla münasibətlərin möhkəmləndirilməsi ölkəmiz üçün çox vacibdir.
Son 10 ildə bu münasibətlər yeni mərhələyə qədəm qoyub. Hər iki ölkə milli maraqlara əsaslanan siyasət aparır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı yüksək səviyyəli görüşlər keçirildi və Çin lideri Si Cinpin Azərbaycanı etibarlı və dost ölkə adlandırdı. Bu, iki ölkənin bir-birinə olan hörmətini və dəstəyini göstərir.
Azərbaycan neokolonializmə və beynəlxalq təşkilatlarda Qərbin ikili standartlarına qarşı çıxır. Bu baxımdan, Azərbaycan Çinin ərazi bütövlüyünü və Tayvanın Çin Xalq Respublikasına aid olduğunu açıq şəkildə dəstəkləyir. Çin də Azərbaycanın Ermənistanla sülh təşəbbüsünü dəstəkləyir və bu əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir.
Aprelin 23-də Azərbaycan və Çin arasında strateji tərəfdaşlıqla bağlı Birgə Bəyanat imzalandı. Bu sənəd birgə fəaliyyətin əsasını təşkil edir və uzunmüddətli əməkdaşlığa xidmət edir. Həmçinin, hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə razılaşıblar.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın mövqeyi getdikcə güclənir. Bakı-Tbilisi-Qars dəmir yolu və ölkəmizin tranzit imkanları Çin yüklərinin Avropaya daşınmasında mühüm rol oynayır. Son illərdə bu daşımaların sayında artım müşahidə olunur. Bu da göstərir ki, Çin bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Enerji sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Hər iki ölkə “yaşıl enerji”yə keçid istiqamətində eyni məqsədləri paylaşır. Bu sahədə birgə layihələrin həyata keçirilməsi mümkündür.
Parlamentlərarası əməkdaşlıq da inkişaf edir. Bu, yalnız icra hakimiyyətləri səviyyəsində deyil, qanunverici orqanlar arasında da əlaqələrin genişlənməsinə səbəb olur.
Prezident İlham Əliyevin uğurlu səfəri və əldə olunan razılaşmalar Azərbaycan-Çin münasibətlərinin gələcəkdə daha da güclənəcəyini göstərir. Bu əməkdaşlıq həm iqtisadi, həm siyasi, həm də diplomatik sahələrdə ölkəmizin mövqeyini möhkəmləndirəcək.
Tərəflər arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsini analiz etdiyimiz zaman bunu bir daha müşahidə edirik. Viza rejiminin ləğv olunması qərarı təkcə diplomatik münasibətlərin istiləşməsinin deyil, həm də turizm, biznes və təhsil sahələrində əməkdaşlığın genişlənməsinin göstəricisidir. İki ölkə arasında insan axınının artması qarşılıqlı mədəni və iqtisadi anlayışı daha da möhkəmləndirəcək.
Bəyannamədə göstərilmiş kosmik sahədə əməkdaşlıq təşəbbüsü Azərbaycan və Çin arasında kosmik texnologiyalar və tədqiqat sahəsində əməkdaşlıq, Azərbaycanın texnoloji potensialının artırılması baxımından strateji əhəmiyyətə malikdir. Çin bu sahədə dünyanın liderlərindən biri kimi Azərbaycanın texnologiya transferinə çıxışını genişləndirə bilər.
Bəyannamədəki vacib məqamlardan digəri isə Çinin Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməsidir. Bu dəstək Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə və ölkənin ixrac imkanlarını artıra bilər. Çin kimi böyük iqtisadi gücün ÜTT-yə üzvlük prosesində Azərbaycana siyasi və texniki dəstək verməsi prosesin nəticəyönümlü olmasına səbəb ola bilər. ŞƏT-də Azərbaycanın statusunun artırılması Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında daha aktiv rol oynaması regional təhlükəsizlik, iqtisadi və nəqliyyat layihələrində iştirak imkanlarını artırır. Bu, Azərbaycanın çoxqütblü dünya nizamında çevik və balanslı diplomatiya yürütməsinin göstəricisidir.
Azərbaycanın Çinin ŞƏT-də sədrliyini dəstəkləməsinə gəldikdə isə bu dəstək, qarşılıqlı hörmət və birgə strateji maraqların təzahürüdür. Azərbaycanın Çinin regional təşəbbüslərinə verdiyi dəstək, əvəzində Pekinin Cənubi Qafqazda Bakıya güclü siyasi dayaq göstərməsi ilə nəticələnə bilər.
Azərbaycan və Çin arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsi yalnız dostluğun deyil, eyni zamanda yeni qlobal güc balansının xəbərçisidir. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional və qlobal sabitliyə töhfə verəcək əhəmiyyətli bir addımdır. Və sözsüz ki, iki ölkə arasında əldə edilmiş bu uğurlu razılaşmalar daha sürətli şəkildə reallaşacaq”.
Əfsanə İbrahimova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi