Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir.
Bugun.tv xəbər verir ki, imtahanlarda 23 mindən çox şagird və məzunun iştirakı gözlənilir.
Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları Azərbaycan dilindən (dövlət dili kimi) imtahan verirlər.
DİM-in məlumatına əsasən, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılır. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda 30 tapşırıq təqdim olunur:
– Dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə
cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
– Dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
– Oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə
cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Builki 9-cu və 11-ci siniflər imtahanda maksimum 100 bal toplaya bilər. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.
Mənbə: AZƏRTAC