Baş xəbərDigər

Azərbaycan Prezidentinə olan etimad

Prezident İlham Əliyev dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub. Bu gün Azərbaycan dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə etibarlı tərəfdaş olaraq qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdədir. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət həyata keçirərək beynəlxaq əmədaşlığı inkişaf etdirmək istiqamətində böyük səy göstərir. Dövlət başçısı dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub.

Bu sözləri Bugun.tv-yə Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor İbrahimova Gülzar İsaxan qızı deyib.

“Ölkəmizin etibarlı strateji tərəfdaş imici formalaşıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi, siyasi plüralizm, demokratik prinsiplərin dərinləşdirilməsi istiqamətində görülən işlər dünyanın nüfuzlu beynəlxalq qurumları və inkişaf etmiş dövlətləri tərəfindən təqdir edilməkdədir. Demokratikləşmə yönümündə ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və bu sahədə atılan ardıcıl addımlar vaxtaşırı müsbət qiymətləndirilir. Ölkə rəhbərliyinin apardığı balanslaşdırılmış xarici siyasət kursu nəticəsində hazırda Azərbaycanın haqq səsi BMT, ATƏT, NATO, Avropa Birliyi, Avropa Şurası, İKT kimi nüfuzlu təşkilatların ali tribunalarından eşidilməkdədir. Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. Uğurla aparılan xarici siyasət hesabına Azərbaycanın dünyanın siyasi arenasında nüfuzu güclənmiş, milli təhlükəsizliyimiz daha da möhkəmlənmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici qüvvəsinə çevrilib.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bununla cənab Prezident düz 20 il əvvəl xalqa verdiyi söz tam yerinə yetirdi. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı yada salmışdır: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Cənab Prezidentin fəaliyyətindən diqqət çəkən əsas cəhət xalqa güvənməsi və xalqla bir yerdə olmasıdır. Bu, özü bir liderə xas olan xüsusiyyətdir ki, sevincli günləri xalqı ilə bölüşür. Dəfələrlə şahidi olmuşuq ki, ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu, Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və xalqa olan etimadının real təcəssümdür. Məhz dövlətimizin başçısının ötən il ad günündə verdiyi göstəriş və tapşırıqlara uyğun olaraq Qərbi Azərbaycana qayıdış prosesi istiqamətində çoxşaxəli fəaliyyət göstərilir. Artıq bu fəaliyyət istiqaməti də Azərbaycanın xarici siyasətinin prioritetinə çevrilib. Bundan sonra oradan deportasiya olunanların öz torpaqlarına qayıdış arzusunun gerçəkləşməsi günbə-gün yaxınlaşmaqdadır. Necə ki, Qarabağa qaydış baş tutdu, Qərbi Azərbaycana da qayıdışın olacağı şəksizdir” – deyə G İsaxan bildirib.

 

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Prezident Ərdoğan Naxçıvana gəlir

Bugün TV

Mikroavtobus gölə düşdü, 11 nəfər yaralandı

Kəmalə Sultan

Dəm qazından zəhərləndi: 5 nəfər xəstəxanaya yerləşdirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu