Baş xəbər

“Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb“ – Fatma Yıldırım

“Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar, soyqırımı aktları törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 mart 1918-ci ildə baş vermiş  soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır”.

Bugun.tv xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.  Ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə qətliamlar törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim olunub. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Millət vəkilinin sözlərinə görə, yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq: “Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilib və 31 mart “Azərbaycanlıların Soyqırımı günü” elan edilib. Bu sərəncama əsasən ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı günü” qeyd olunur, soyqırımı qurbanları anılır. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir”.

Fatma Yıldırım qeyd edib ki, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Eyni zamanda,  Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu kompleks erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib kütləvi basdırdığı yerdə ucaldılıb. 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Düşünürəm ki, hər birimiz gerçək həqiqətlərin gələcək nəsillərə çatdırılmasında fəal iştirak etməliyik. Çünki soyqırımın unutudurulmaması və törədilmiş faciələrin gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Deputat vurğulayıb ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Azərbaycan xalqı və dövləti özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bugün TV

Oxşar xəbərlər

Babasının ov tüfəngi ilə oynayarkən özünü vurdu

Bugün TV

Əfqanıstanda güclü zəlzələ baş verdi

Elnarə Dərziyeva

Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu