Bugun.tv xəbər verir ki, sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur və bu tarixdən ölkənin ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ili başlayır.
Bilik Gününün əsası Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli fərmanı ilə qoyulub. Həmin fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib və 15 sentyabr “Bilik günü” elan olunub.
Bu il yeni tədris ili üzrə təhsilin müxtəlif pillələrində ümumilikdə təqribən 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Elm və Təhsil Nazirliyinin məlumatına görə, onların 1,6 milyonu ümumi təhsil müəssisələrinin şagirdləri, 260 mini ali təhsil müəssisələrinin tələbələri, 64 mini orta ixtisas, 44 mini isə peşə təhsili müəssisələrinin tələbələridir. Məktəbəqədər təhsilin isə 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.
Bu gün 124 min şagird ilk dəfə məktəbə qədəm qoyaraq birinci sinifdə təhsilə başlayır. Eyni zamanda, 2026–2027-ci tədris ilinin ilk dərsi ölkə üzrə II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, qarşıdakı tədris dövründə əsas diqqət şagirdlərin keyfiyyətli təhsilə çıxışının, müasir təlim imkanlarının və təhsil nəticələrinin yaxşılaşdırılmasına yönəldiləcək.
