“Prezident İlham Əliyev bir neçə gün əvvəl mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında gündəmin və regionun bir sıra aktual məsələlərinə toxundu.
Ölkə başçısı bildirdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur və bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur”.
Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
“Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq, görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”,- J,Əhmədova qeyd etdi.
“Cənab Prezident vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.
Ölkə bacısı növbəti dəfə Şuşada Ermənistana açıq mesaj verdi və bildirdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Cənab Prezident çıxışında Azərbaycanın sülh təşəbbüsləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar, Şuşa Bəyannaməsinin əhəmiyyəti, Azərbaycan-Türkiyə müttəfiqlik formatı, Azərbaycanla Şimali Qafqaz respublikaları və Mərkəzi Asiya ölkələri arasında əlaqələr, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəql edilməsi və digər mühüm məsələlərə toxundu.
Azərbaycanın dövlət başçısı bildirdi ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.
Prezident İlham Əliyev, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə enerji sahəsində əməkdaşlığı, “Bir kəmər, bir yol” təşəbbüsü, Azərbaycanın İranla, Gürcüstanla, Pakistanla, Özbəkistanla münasibətləri, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılması, Qara dənizin dibi ilə Avropaya elektrik enerjisinin ötürülməsi layihəsi, Azərbaycanın enerji potensialı, Zəngəzur dəhlizinin əhəmiyyəti, Orta Dəhliz layihəsi və digər məsələlərə öz münasibətini bildirdi.
Sadalanan bütün bu layihələr və onların həyata keçirilməsi planları əminliklə deməyə əsas verir ki, Azərbaycanı yaxın gələcəkdə daha firavan günlər gözləyir”,- deputat bildirdi.