Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) 4-cü Liderliyin İnkişafı Forumu fəaliyyətə başlayıb
Beynəlxalq tədbirdə kosmik texnologiyaların gələcək inkişafı, regional əməkdaşlıq və bu sahənin dayanıqlı iqtisadi inkişafa töhfəsi müzakirə olunur.
Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov forumla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.
Deputatın paylaşımında bildirilir ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər.

Azərbaycanın kosmik sənayesinin inkişafı müzakirə olunacaq
Milli Məclisin rəsmi məlumatına əsasən, Vüqar Bayramov forum çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcək. Deputatın “Azərbaycanda kosmik sənayenin inkişafı: Regional əməkdaşlıq təşəbbüslərinə töhfə” mövzusunda çıxışı da nəzərdə tutulub.
Tədbirdə kosmik elmin və texnologiyaların inkişafı, peyk məlumatlarından istifadə, rəqəmsal yeniliklər, təbii fəlakətlərin idarə olunmasında kosmik məlumatların rolu və dövlətlərarası əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.
Deputat həmçinin qeyd edib ki, 2008-ci ildən fəaliyyət göstərən APSCO kosmik elm, texnologiya və onların tətbiqi sahələrində üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığı təşviq edən hökumətlərarası təşkilatdır. Qurumun əsas məqsədlərindən biri regionun kosmik imkanlarını gücləndirmək və bu sahənin sosial-iqtisadi inkişafa töhfəsini artırmaqdır.
Azərbaycan nümayəndəsinin forumda iştirakı ölkəmizin kosmik sənaye sahəsindəki təcrübəsinin beynəlxalq platformada təqdim edilməsi və regional əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

