30.7 C
Baku
11 Avqust 2026, 16:49
Sosial

Azərbaycanda ilk dəfə “Müyəssərlik Xəritəsi” yaradıldı

Bugun.tv xəbər verir ki, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnklüziv şəhərlər alyansı” layihəsi başa çatıb.

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Mətbuat Xidmətindən verilən məlumata görə, layihə 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan edilməsi çərçivəsində həyata keçirilib.

Layihə çərçivəsində Bakı Urban Həftəsi zamanı, mayın 13-də Holiday Inn otelində “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirilib. Eyni mövzuda tədbir mayın 19-da Dünya Şəhərsalma Forumu (WUF13) zamanı da təşkil olunub.

Layihə çərçivəsində Cibuti Əlil Təşkilatları Birliyi və digər 12 ölkədən əlilliyi olan şəxslərin təşkilatlarının təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər keçirilib.

Növbəti mərhələyə hazırlıq məqsədilə mütəxəssislər, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Universiteti və Media Tədris Mərkəzindən olan könüllü tələbələr, həmçinin “Bu gün TV Media Qurumu”nun əməkdaşları üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda iki günlük təlim təşkil olunub.

Layihənin əsas istiqamətlərindən biri isə “Müyəssər Azərbaycan” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Azərbaycan Müyəssərlik Xəritəsi – AMX (Azerbaijan Accessibility Map – AAM)” adlı elektron məlumat bazasının yaradılması olub.

Məlumata görə, xəritənin yaradılmasında məqsəd ölkə ərazisində müxtəlif infrastruktur və ictimai obyektlərin müyəssərlik səviyyəsini qiymətləndirmək, mövcud maneələri müəyyənləşdirmək və əldə olunan nəticələr əsasında müasir, etibarlı və davamlı elektron məlumat bazası formalaşdırmaqdır.

Monitorinqlər inzibati binalar, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və idman obyektləri, parklar, otellər, ictimai iaşə obyektləri, küçə və piyada infrastrukturu, piyada keçidləri, ictimai nəqliyyat və dayanacaqlar, sosial xidmət müəssisələri və digər ictimai məkanları əhatə edib. Qiymətləndirmələr milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında aparılıb.

Layihə çərçivəsində 153 qurumun yalnız rəqəmsal müyəssərliyi, 42 qurum və məkanda isə rəqəmsal müyəssərliklə yanaşı, fiziki və digər monitorinq üsulları araşdırılıb.

Nəticədə “Azərbaycan Müyəssərlik Xəritəsi – AMX” internet saytı yaradılıb. Xəritəyə Bakı və Azərbaycanın digər bölgələrindən 45 məkan barədə məlumat daxil edilib və layihənin nəticələrinə dair nəşr hazırlanıb.

Təşkilat bildirir ki, xəritədəki məlumatlar daim yenilənəcək və yeni məlumatlar əlavə olunacaq. Əlillik və müyəssərlik sahəsində təcrübəsi, şəxsi və ya kollektiv müşahidələri olan şəxslər yazı, foto və video materiallarını xəritəyə təqdim edə bilərlər.

Materialların info@udpo.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Layihə çərçivəsində keçirilən tədbirlərdə ümumilikdə 139 nəfər, təlimlərdə isə 15 nəfər iştirak edib. Bundan başqa, 7 könüllü layihəyə cəlb olunub.

Aynur Camal

Oxşar xəbərlər

“LİON CENTRE” MMC rəhbəri DGK-nın cavab məktubunun hüquq prinsiplərinə zidd olduğunu iddia edir

Aynur Camal

Həkimlər avqustda bu 4 meyvəni yeməyi məsləhət görür

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu