Sosial

Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı

Bugun.tv-yə daxil olan məlumata görə, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsi başa çatıb. Layihə 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi çərçivəsində həyata keçirilib.

Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin uğurla icra edildiyi bildirilib. Fəaliyyətlər çərçivəsində Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Bakı Urban Həftəsi çərçivəsində mayın 13-də “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirilib.

Dünya Şəhərsalma Forumu (WUF13) zamanı isə mayın 19-da eyni mövzuda tədbir təşkil olunub.

Layihənin tərəfdaşı Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkədən əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər keçirilib.

Növbəti mərhələyə hazırlıq məqsədilə mütəxəssislər, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Universiteti və Media Tədris Mərkəzindən olan könüllü tələbələr, həmçinin “Bu gün TV Media Qurumu”nun əməkdaşları üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda iki günlük təlim keçirilib.

Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradılıb

Layihənin mühüm komponentlərindən biri “Müyəssər Azərbaycan” proqramı çərçivəsində inklüziv cəmiyyətin qurulması və hər kəs üçün bərabər imkanların təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi olub.

Layihənin nəticəliliyinin və davamlılığının təmin edilməsinə xidmət edən əsas fəaliyyətlərdən biri isə Azərbaycanda ilk dəfə **“Azərbaycan Müyəssərlik Xəritəsi – AMX (Azerbaijan Accessibility Map – AAM)”**nin yaradılması olub.

Bildirilib ki, bu fəaliyyətin məqsədi ölkə ərazisində yerləşən müxtəlif infrastruktur obyektlərinin müyəssərlik səviyyəsini qiymətləndirmək, mövcud maneələri müəyyənləşdirmək və əldə olunan nəticələr əsasında etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdırmaqdır.

Müxtəlif monitorinq metodlarından istifadə edilməklə elektron məlumat bazaları, saytlar, inzibati binalar, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və idman obyektləri, parklar, otellər, ictimai-iaşə obyektləri, küçə və piyada infrastrukturu, piyada keçidləri, ictimai nəqliyyat və dayanacaqlar, sosial xidmət müəssisələri və digər ictimai məkanlarda monitorinqlərə başlanılıb.

Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında aparılıb.

Layihə çərçivəsində 154 qurumun yalnız saytlarının rəqəmsal müyəssərliyi monitorinq edilib. Bundan əlavə, 45 qurumda və məkanda həm rəqəmsal, həm də müyəssərliyin digər formaları – fiziki, müşahidə və keçmiş məlumatlar əsasında monitorinqlər aparılıb.

Görülən işlərin nəticəsində Azərbaycanda ilk dəfə etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası yaradılıb. “Azərbaycan Müyəssərlik Xəritəsi – AMX (Azerbaijan Accessibility Map – AAM)” adlı internet səhifəsinə Bakı və Azərbaycanın digər bölgələrindən 45 məkan barədə məlumat daxil edilib və nəşr hazırlanıb.

Xəritə ilə udpo.az/accessibility⁠ ünvanından tanış olmaq mümkündür.

Qeyd olunub ki, yaradılan “Azərbaycan Müyəssərlik Xəritəsi”ndə məlumatlar daim yenilənir və yeni məlumatlar əlavə olunur. Əlillik və müyəssərlik sahəsində təcrübəsi olan, bu istiqamətdə şəxsi və ya kollektiv müşahidələr aparan hər kəs müxtəlif sahələr barədə məlumatları – yazı, foto və video materialları xəritəyə təqdim edə bilər.

Bunun üçün materialların info@udpo.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Həmçinin “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədə mövcud müyəssərlik xəritələrinin inteqrasiya olunması istiqamətində işlərin aparıldığı bildirilib.

Layihədə neçə nəfər iştirak edib?

Layihə çərçivəsində keçirilən tədbirlərdə ümumilikdə 139 nəfər iştirak edib. Onlardan 80-i kişi, 59-u qadın olub.

Təlimlərdə ümumilikdə 15 nəfər iştirak edib. Onlardan 5-i kişi, 15-i isə qadın kimi qeyd olunub. Layihəyə həmçinin 7 könüllü cəlb edilib.

Məlumat Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Mətbuat Xidməti tərəfindən təqdim olunub.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə “Müyəssərlik Xəritəsi” yaradıldı

Aynur Camal

“LİON CENTRE” MMC rəhbəri DGK-nın cavab məktubunun hüquq prinsiplərinə zidd olduğunu iddia edir

Aynur Camal

Həkimlər avqustda bu 4 meyvəni yeməyi məsləhət görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu