Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan və “Ahıska türkləri – itmiş sürgünün izində” adlı sərginin açılış mərasimi olub.
Lider-media.az xəbər verir ki, tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, Ahıska türklərinin nümayəndələri, tarixçilər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgiyə baxışdan əvvəl edilən çıxışlarda 1944-cü il deportasiyasının ağır nəticələrindən, tarixi yaddaşın qorunmasının əhəmiyyətindən, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi dəstəkdən və iki qardaş ölkə arasında münasibətlərdən bəhs olunub.
Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsinin tarixi yaddaşda qorunması, onların milli və mədəni kimliyinin gələcək nəsillərə çatdırılması və bu mövzuya ictimai diqqətin artırılmasıdır. Ekspozisiyada sürgün yalnız tarixi hadisə kimi deyil, bir xalqın doğma torpağı, kimliyi, mədəniyyəti və yaddaşı ilə əlaqəli şəkildə təqdim olunur.
“Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi ilk dəfə iyunun 12-də İstanbul Atatürk Mədəniyyət Mərkəzində təqdim olunub.
Sərginin növbəti təqdimatı noyabrın 14-də – Ahıska türklərinin 1944-cü il sürgününün ildönümündə Tarixi Ankara Vağzalında keçiriləcək.
Qeyd edək ki, sərgi 21–28 avqust tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində ziyarətçilər üçün açıq olacaq.
Mənbə: LiderMediAz


