Bugun.tv-yə daxil olan məlumata görə, mayın 16-da saat 10:00-da Avropa Azərbaycan Məktəbi-də gənclərin peşəkar inkişafına həsr olunmuş “LEVEL UP” Forumu baş tutacaq. Tədbirin əsas məqsədi gənclərə düzgün karyera istiqaməti seçmək, daxili potensiallarını kəşf etmək və seçdikləri sahədə strateji inkişaf yollarını mənimsəmək üçün praktik platforma yaratmaqdır.
Forum proqramı üç əsas istiqamət üzrə təşkil olunub: karyera, təhsil və innovasiya. Panel müzakirələrində beynəlxalq mübadilə proqramları, müasir əmək bazarının tələb etdiyi bacarıqlar, startap ekosistemi və süni intellektin gələcək perspektivləri kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə dövlət və özəl sektorun, eləcə də akademik dairələrin tanınmış nümayəndələri çıxış edəcəklər. Spikerlər arasında ADA Universiteti-nin prorektoru, SABAH.lab rəhbərliyi və Kapital Bank-ın layihə meneceri də yer alır. Ekspertlər uğur hekayələri ilə yanaşı, gənclərin peşəkar yolunda qarşılaşa biləcəyi risklər, dönüş nöqtələri və imkanlar barədə praktiki tövsiyələr verəcəklər.
“LEVEL UP” Forumu yalnız panel çıxışları ilə məhdudlaşmır. Fasilələr zamanı iştirakçılar forumun tərəfdaşları olan AIESEC, AEGEE, GUYS və YeniSən təşkilatlarının stendləri ilə tanış ola, əməkdaşlıq və inkişaf imkanları barədə birbaşa məlumat əldə edə biləcəklər.
Bilet alan iştirakçılar forumun bütün sessiyalarında iştirak hüququ ilə yanaşı, qəhvə fasiləsi, nahar və xüsusi musiqili konsert proqramından da yararlana biləcəklər. Tədbirin sonunda iştirakçılara rəsmi sertifikat təqdim olunacaq, həmçinin sponsorların xüsusi hədiyyələrini qazanmaq imkanı yaradılacaq.
Forumda iştirak etmək istəyənlər biletləri iTicket platforması vasitəsilə əldə edə bilərlər.
