Mütəmadi fiziki aktivliyin beyni bioloji baxımdan daha gənc göstərə bildiyi müəyyən edilib. ABŞ alimlərinin apardığı yeni klinik araşdırma göstərib ki, bir il ərzində tövsiyə olunan fiziki fəaliyyət səviyyəsinə əməl edən şəxslərin beyin yaşı MRT nəticələrinə əsasən daha “gənc” görünür. Tədqiqatın nəticələri Journal of Sport and Health Science (JSHS) jurnalında dərc olunub.
Araşdırmada 26–58 yaş aralığında 130 sağlam yetkin iştirak edib. Onlar iki qrupa bölünüb: birinci qrup 12 ay ərzində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq həftədə təxminən 150 dəqiqə orta və ya intensiv aerob fiziki aktivliklə məşğul olub, ikinci qrup isə əvvəlki həyat tərzini dəyişməyib.
Təcrübənin sonunda alimlər iştirakçıların beynin bioloji yaşını — sinir toxumasının vəziyyətini əks etdirən biomarkerlər və MRT göstəriciləri əsasında hesablayıblar. Nəticələrə görə, fiziki aktiv olan şəxslərin beyni orta hesabla xronoloji yaşından 0,6 il daha gənc qiymətləndirilib. Nəzarət qrupunda isə beyin yaşı təxminən 0,35 il daha “yaşlı” olub. Ümumilikdə qruplar arasındakı fərq təxminən bir ilə yaxınlaşıb.
Mütəxəssislər bildirir ki, bioloji yaşlanma təkcə illərin sayı deyil, toxumalarda yığılan mikro zədələr və funksional dəyişikliklərlə bağlıdır. Daha “gənc” beyin, potensial olaraq, idrak funksiyalarının daha yaxşı qorunması və demensiya daxil olmaqla neyrodegenerativ xəstəliklərə qarşı daha yüksək davamlılıqla əlaqələndirilə bilər.
Araşdırmada fiziki aktivliyin beyin yaşına hansı mexanizmlə təsir göstərdiyi dəqiq müəyyən edilməyib. Gözlənilən nəticələrin əksinə olaraq, ürək-damar dözümlülüyünün artması və ya qan təzyiqinin azalması əsas faktor kimi təsdiqlənməyib. Alimlər effektin iltihabın azalması, beynin damar sistemindəki dəyişikliklər və ya molekulyar səviyyəli proseslərlə bağlı ola biləcəyini ehtimal edirlər.
Mənbə: mail.ru
