Bill Qeyts, süni intellekt, süni intellekt riskləri, kiberhücumlar, bioloji təhlükə, texnologiya, süni intellekt təhlükəsizliyi, gələcəyin texnologiyaları
Dünya

Bill Qeyts süni intellekt riskləri ilə bağlı xəbərdarlıq etdi: 5 il kritik ola bilər

Bugun.tv xəbər verir ki, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıq edib. O bildirib ki, lazımi təhlükəsizlik tədbirləri görülməzsə, bioloji, kiber və psixososial risklər süni intellektin gətirəcəyi faydalardan daha sürətlə üzə çıxa bilər.

Qeyts bu fikirləri “New York Times” qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, süni intellekt insan beynindən fərqli olaraq yaddaş və fiziki imkanlarla bağlı bioloji məhdudiyyətlərə malik deyil. Buna görə də gələcəkdə bu texnologiyanın insan zəkasını üstələyə bilməsi müəyyən narahatlıqlar yaradır.

Bill Qeyts mövcud süni intellekt sistemlərinin də pis niyyətli şəxslər tərəfindən bioloji və kiberhücumlarda istifadə oluna biləcəyini bildirib. O, xüsusilə açıq mənbəli modellərdə təhlükəsizlik tədbirlərinin aradan qaldırıla bilməsini risk kimi qiymətləndirib.

Qeytsin fikrincə, gələcəkdə süni intellekt sistemlərinin verilən tapşırıqları gözlənilməz şəkildə şərh edərək insan maraqlarına zidd hərəkət etməsi də mümkün risklər sırasındadır.

“Sektoru özünü tənzimləməyə buraxmaq olmaz”

Bill Qeyts süni intellektdən istifadəyə nəzarət edən mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb. O bildirib ki, texnologiya sənayesinin özünü təkbaşına tənzimləməsinə güvənmək olmaz.

Süni intellektin əmək bazarına təsirindən də danışan Qeyts qeyd edib ki, texnologiya indiyədək yeni iş imkanlarının yaranmasına da səbəb olub. Onun sözlərinə görə, bir işin süni intellekt vasitəsilə daha ucuz görülə bilməsi həmin işin mütləq şəkildə insanlardan alınacağı anlamına gəlmir.

Qeyts hesab edir ki, qarşıdakı 5 il süni intellektlə bağlı risklərin idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. O, bioloji və kiberhücumlar, eləcə də insanların iş yerlərini itirməsi kimi risklərin təsirini uzunmüddətli dövr ərzində azaltmağın vacibliyini bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu