11 C
Baku
20 Mart 2023, 23:58
Baş xəbərDigər

Biz də bu ölkənin vətəndaşı deyilikmi? – Kəmalə Sultan yazır…

Günü-gündən ölkəmiz inkişaf edir. İstər paytaxtda, istərsə də digər şəhərlərimizdə yeni tikilən binalar, otellər, restoranlar və s. öz möhtəşəmlikləri ilə bizi heyran edir. Ancaq, gəlin görək, ölkəmizdə tikilən yeni obyektlərdə fiziki məhdudiyyətli insanların gediş-gəlişi neçə faiz nəzərə alınıb və ya heç nəzərə alınıbmı?

Sözsüz ki, yeni tikilən obyektlər şəhərimizə bir başqa gözəllik verir. Və bu gözəlliklərdən yararlanmaq, gözəl binada yaşamaq, təhsil almaq, asudə vaxtlarında istirahət mərkəzlərində dincəlmək hər kəsin haqqıdır. O cümlədən, uzun illərdir ki, fiziki məhdudiyyətli olub, arabadan istifadə etmək məcburiyyətində qalan biri kimi mənim də… Və mənim kimi yüzlərlə əngəllinin də haqqıdır.

Bəs, hər kəs bu sadaladığım gözəlliklərdən yararlana bilirmi? Təəssüf ki, yox… Paytaxtı gəzdikcə başqa mənzərə ilə qarşılaşmalı olursan. Tikilən obyektlərdə  müyəssərlik, demək olar ki, nəzərə alınmır. Əlilliyi olan şəxslər üçün standartlara cavab verən panduslar, WC, şəkilər, keçidlər düzgün qurulmur. Bu da sərbəst halda hərəkət etməyə, istənilən yerə, məkana getməyə mane olur. Nəticədə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdən təcrid olmasına şərait yaradır. Bu da təbii ki, xoşa gəlməz bir haldır.

Kənardan bu ciddi bir məsələ kimi görünməyə bilər. Amma elə deyil. Belə obyektləri layihələndirən istər mühəndis, inşaatçı olsun, istərsə də tikintiyə göstəriş verən, artıq xərc hesab edib, müyəssərlik üçün şəraiti görməzdən gələn sahibkar olsun, onlar unudurlar ki, kimlərinsə yolunu kəsirlər və bu azmış kimi onlara psixoloji sarsıntı verirlər.

Təhsil ocaqlarında və bağçalarda da vəziyyət ürəkaçan deyil. İnkluziv təhsil üçün gərək müyəssərlik ola. O da ki, gördüyümüz kimi nə orta, nə də ali məktəblərdə var. Heç özəl bağçalarda, tədris mərkəzlərində də yoxdur.

Paytaxtı bu vəziyyətdə olan ölkənin regionlarından danışmağa heç dəyməz.

Sonda isə yalnız və sadəcə, arzu etmək qalır. Arzu edirik ki, heç olmasa indən sonra, növbəti illərdə yeni tikilən obyektlərdə standartlar nəzərə alınar. Hər bir vətandaş öz müyəssərliyinə çatar.

Oxşar xəbərlər

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq

Sabina Uğur

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilib

Aynur Camal

Rishi Sunak baş nazir seçilib

Aynur Camal

Şərh yazın