Bugun.tv xəbər verir ki, Sakit okeanda yerləşən Samoa dövlətində fəaliyyət göstərən “Samoa Victim Support Group” qeyri-hökumət təşkilatı zorakılığın qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi və insan hüquqlarının təşviqi istiqamətində gördüyü işlərə görə UNESCO-nun nüfuzlu mükafatına layiq görülüb.
Təşkilat UNESCO-Madanjeet Singh Tolerantlıq və Zorakılıqsızlığın Təşviqi Mükafatının 15-ci laureatı seçilib. Məlumat UNESCO-nun rəsmi saytında açıqlanıb.
Bildirilib ki, təşkilat 20 ildən artıqdır Samoada məişət zorakılığı, cinsi istismar və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində fəaliyyət göstərir. Onun işinə qadınların, uşaqların və digər həssas qrupların müdafiəsi, hüquqi yardım, psixoloji dəstək və təhlükəsiz yaşayış imkanlarının yaradılması daxildir.
Təşkilatın həyata keçirdiyi proqramlar nəticəsində 5 mindən çox qadına dəstək göstərilib, 4 mindən çox gənc qadın üçün təhlükəsiz sığınacaq təmin olunub. Hazırda onun himayəsində 80 körpə və uşağın daimi yerləşdirildiyi bildirilir.
“Samoa Victim Support Group” zərərçəkmiş şəxslər üçün 24 saat fəaliyyət göstərən ödənişsiz yardım xətti, sığınacaqlar və reabilitasiya mərkəzi yaradıb. Təşkilat həmçinin könüllüləri, polis əməkdaşlarını, məhkəmə qurumlarını və beynəlxalq tərəfdaşları bir araya gətirərək zorakılıqla mübarizə aparır.
Mükafatın təqdimetmə mərasimi noyabrın 16-da Parisdəki UNESCO-nun mənzil-qərargahında keçiriləcək. Mərasim Beynəlxalq Tolerantlıq Günü çərçivəsində təşkil olunur və bədii proqramla yekunlaşacaq.
Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü hər il noyabrın 16-da qeyd edilir. BMT Baş Assambleyası 1996-cı ildə bu günü təsis edib. UNESCO-nun 1995-ci ildə qəbul etdiyi Tolerantlıq Prinsipləri Bəyannaməsi isə müxtəlif mədəniyyətlərə, inanclara və insan fərqliliklərinə hörmətin vacibliyini vurğulayır.
UNESCO-nun Madanjeet Singh mükafatı tolerantlıq və zorakılıqsızlıq istiqamətində mühüm töhfələr verən şəxslərə, qurumlara və təşkilatlara iki ildən bir təqdim olunur. Mükafatın məbləği 100 min ABŞ dollarıdır.
Mənbə: UNESCO
