Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb.
Zərifə Əliyeva, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150 elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi ilə Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib. Onun adı bu sahədə yetişmiş bir çox yüksək ixtisaslı mütəxəssisin formalaşmasında xüsusi hörmətlə çəkilir.
Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. O, bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksəlib. Zərifə xanım təkcə elmi fəaliyyəti ilə yox, həmçinin humanist yanaşması ilə də cəmiyyətimizin daim rəğbətini qazanmışdır. Onun kimsəsiz uşaqlara qayğısı, gənc oftolmoloqlara, həm mütəxəssis həm də bir ana kimi yanaşması səhiyyə sahəsində çalışanlar üçün bir nümunə idi.
Allah rəhmət etsin!
Mənbə: Wikipedia