29.5 C
Baku
12 Avqust 2026, 11:09
Dünya

Bu gün göy üzündə iki nadir hadisə müşahidə olunacaq: Altı planet və tam Günəş tutulması

Bugun.tv xəbər verir ki, bu gün 12 avqust 2026-cı ildə səma müşahidəçiləri üçün iki diqqətçəkən astronomik hadisə baş verəcək.

Günəş Sistemində altı planetin eyni vaxtda səmanın bir hissəsində görünməsi və Şimal yarımkürəsində tam Günəş tutulmasının baş verməsi günün əsas səma hadisələri olacaq.

Altı planet səmanın bir hissəsində görünəcək

Astronomiyada “planet paradı” kimi tanınan hadisə zamanı Yupiter, Merkuri, Mars, Uran, Saturn və Neptun səmanın eyni hissəsində görünəcək. Bu cür bir neçə planetin Günəş batdıqdan sonra eyni vaxtda müşahidə edilməsi nadir astronomik hadisələrdən hesab olunur.

Məlumata görə, hadisəni müşahidə etmək üçün bütün planetlərə eyni avadanlıq lazım olmayacaq. Yupiter, Merkuri, Mars və Saturn uyğun şəraitdə adi gözlə görünə biləcək. Uranı müşahidə etmək üçün durbin, Neptunu görmək üçün isə teleskop tələb olunacaq.

NASA-nın məlumatlarına görə, Günəş batdıqdan sonra dörd və ya daha çox planetin eyni vaxtda görünməsi bir neçə ildən bir baş verən nadir hadisələr sırasındadır.

Tam Günəş tutulması baş verəcək

Həmçinin mütəxəssislərin sözlərinə görə, bu gün  tam Günəş tutulması da olacaq. NASA-nın məlumatına görə, Ay Günəşlə Yer arasından keçərək kölgəsini Şimal yarımkürəsinin geniş ərazisinə salacaq.

Tam tutulma Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən, həmçinin Şimal Buzlu okeanı və Rusiyanın şimal ərazilərinin bəzi hissələrindən müşahidə edilə biləcək. Avropanın böyük hissəsində, eləcə də Şimali Amerikanın bəzi bölgələrində isə tutulma qismən görünəcək.

Tam tutulma zamanı Ay Günəşin diskini tamamilə örtəcək və Günəşin xarici atmosferi olan tac təbəqəsi görünəcək. Bu mərhələ yalnız tutulmanın tam müşahidə olunduğu dar zolaqda izlənilə bilər.

Günəşə adi gözlə baxmaq olmaz

Mütəxəssislər tutulmanı müşahidə edən şəxslərə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Günəşə adi gözlə, hətta adi günəş eynəyi ilə baxmaq gözlər üçün ciddi və qalıcı zərər yarada bilər.

Tutulmanın qismən mərhələlərini izləmək üçün xüsusi sertifikatlı Günəş tutulması eynəklərindən və uyğun Günəş filtrlərindən istifadə edilməlidir.

Beləliklə, 12 avqust 2026-cı il həm altı planetin səmanın bir hissəsində görünməsi, həm də tam Günəş tutulması ilə astronomiya həvəskarları üçün ilin ən diqqətçəkən günlərindən birinə çevriləcək.

Mənbə: Diken

Aynur Camal

Oxşar xəbərlər

Psixoloq: Niyə bağda işləmək artıq sevinc gətirmir?

Aynur Camal

“Rusiya Ukraynaya hücumda Şimali Koreya raketlərindən istifadə edib”

Aynur Camal

ABŞ-İran gərginliyi nefti qaldırdı, birjaları vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu