Bugun.tv xəbər verir ki, Quba rayonunun əksər prospekt və döngələri qaranlıq içərisindədir. Mirzəbaba Tahirov küçəsi də belə ərazilərdəndir.

Sakinlər artıq aylardır ki, işıq üzünə həsrət qalıblar. Onlar problemlə bağlı redaksiyamıza müraciət ediblər. Əməkdaşımız Sevindil Fətəliyev şikayəti yerində araşdırmaq üçün sözügedən ünvanda olub. Sakinlərlə söhbət edib.

Söhbət zamanı məlum olub ki, sovet dönəmində, yəni illər öncə bu küçədə işıq olub. Dirəklər hələ də, qalmaqdadır. Ancaq onların istismar müddəti bitib. Hazırda çalışmırlar. Nəticədə axşam saatlarından sonra bu küçədə hərəkət etmək çətinləşir. Göz-gözü görmür. Mövcud vəziyyətdən sürücülər də narazıdırlar.

Şikayətçilər deyir ki, aidyyatı qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həllini tapmayıb. Hava qaralanda küçəyə çıxmaq müşkül məsələyə çevrilir.

Valideynlər uşaqlarını məktəbə qaralıqda aparıb gətirməli olurlar. Bu da çətinliklər yaradır. Hətta dəfələrlə işıqsız küçələrdə itlərin hücumuna məruz qalırlar.

Problem nə üçün həll olunmur, dirəklər sıradan çıxıb, yoxsa rayon enerjiyə qənaət edir? Məsələ ilə bağlı araşdırmalarımızı davam etdiririk. Mövzuya yenidən qayıdacağıq.
