Bugun.Tv xəbər verir ki, Butanda on minlərlə könüllü bir gün ərzində 108 buddist stupasının inşasında iştirak edib. Bu qeyri-adi təşəbbüs ölkənin cənubundakı Gelephu şəhərində həyata keçirilib.
“Al Jazeera”nın məlumatına görə, layihə çərçivəsində 40 mindən çox könüllü işə cəlb olunub. Təxminən 12 saat ərzində Hindistanla sərhədə yaxın ərazidə, çay sahili boyunca 108 dini abidənin əsas tikinti işləri tamamlanıb.
Hər bir stupanın hündürlüyü təxminən 15 metrdir. Abidələr gələcəkdə Gelephu Mindfulness City adlandırılan yeni şəhərin ərazisində yerləşəcək.
Təşkilatçıların bildirdiyinə görə, mərasimdə təxminən 200 min nəfər iştirak edib. Buddizmdə 108 rəqəmi xüsusi mənəvi məna daşıdığı üçün layihə dini və simvolik əhəmiyyət kəsb edir.
Butan kralı Ciqme Kesar Namgyel Vanqçuk mərasimdə çıxış edərək təşəbbüsün uğurla başa çatmasından məmnunluğunu ifadə edib.
Ölkə rəhbərliyi yeni şəhərin iqtisadi inkişafı sürətləndirəcəyinə, turizmi və yaşıl texnologiyaları inkişaf etdirəcəyinə, həmçinin gənclərin ölkədən köçünün azalmasına kömək edəcəyinə ümid edir.
Mənbə: Al Jazeera
