Bugun.tv xəbər verir ki, Cənubi Koreya, Avstraliya, Sinqapur və Böyük Britaniya vətəndaşlarına İsrail və Qəzzaya səyahət etməmək barədə xəbərdarlıq edib. Qəzzada qarşıdurmalar davam edərkən müxtəlif ölkələrin xarici işlər nazirlikləri vətəndaşlarına bölgəni tərk etmələri ilə bağlı xəbərdarlıqlar edir. Cənubi Koreya Xarici İşlər Nazirliyi İsraildə yaşayan və ya bu ölkəyə səfər edən vətəndaşlarına üçüncü ölkələr vasitəsilə İsraili tərk etməyi tövsiyə edib. İsraildəki qarşıdurmalardan zərər çəkmiş Cənubi Koreya vətəndaşının olmadığını bildirən nazirlik bəyanatında İsrailə getməyi planlaşdıranlara səfərlərini təxirə salmaq və ya ləğv etmək barədə xəbərdarlıq edilib.
TRT Haber-in məlumatına görə, Həftədə üç dəfə Seul-Təl-Əviv reysləri həyata keçirən Cənubi Koreyanın Korean Air aviaşirkəti bu günə planlaşdırdığı uçuşunu ləğv edib.
Avstraliya hökuməti də vətəndaşlarına müharibə vəziyyəti ilə əlaqədar Qəzzaya yaxın ərazilərə səyahət etməmələri barədə xəbərdarlıq edib. Hökumət İsrailə bəzi uçuşların təxirə salındığını və ya ləğv edildiyini açıqladı. Sinqapur Xarici İşlər Nazirliyi vətəndaşlarından Qəzzaya, İordan çayının qərb sahilinə və İsrailin Fələstin, Livan və Suriya ilə sərhəd bölgələrinə səfərlərini ləğv etmələrini istəyib. Nazirlik fövqəladə hallarda səyahət edən şəxslərə tam tibbi sığorta almaqla lazımi təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edib. Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi cari səyahət xəbərdarlığında İsrailə və işğal olunmuş Fələstin ərazilərinə “vacib səyahətlər istisna olmaqla” səyahət etməmək tövsiyə olunur. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 560 nəfərin həyatını itirdiyini, 2900 nəfərin isə yaralandığını açıqlayıb. İsrail qüvvələri oktyabrın 7-dən bəri Qüds və işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini öldürüb. İsrail mətbuatında Qəzzadan həyata keçirilən hücumlarda 800-dən çox israillinin həyatını itirdiyi, 2400 nəfərin isə yaralandığı bildirilib.
Müxbir: İntizar Əmirova