Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov rəsmi sosial media hesabında paylaşım edərək Şah İsmayıl Xətainin təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə regionun dövlətçilik tarixində mühüm rol oynamış görkəmli tarixi şəxsiyyət olduğunu bildirib.
Deputat qeyd edib ki, Şah İsmayıl Xətainin yaratdığı dövlətçilik irsi, siyasi fəaliyyəti və zəngin ədəbi yaradıcılığı bu gün də xalqları birləşdirən ən mühüm ortaq dəyərlərdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır. Onun sözlərinə görə, ortaq tarixi və mədəni irs ölkələrin tarixinin və mədəniyyətinin daha geniş tanıdılmasına, eyni zamanda dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Ceyhun Məmmədov vurğulayıb ki, tarixi irsin elmi əsaslarla araşdırılması, mədəni abidələrin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Şah İsmayıl Xətaiyə İranda göstərilən sevgi və ehtiram Azərbaycanda da eyni dərəcədə hiss olunur və bu, xalqların ortaq tarixə, mədəni köklərə və mənəvi dəyərlərə bağlılığının bariz ifadəsidir.
Deputat paylaşımında Ərdəbildə olmaq, Şeyx Səfiəddin Ərdəbilinin və Şah İsmayıl Xətainin irsinə ehtiram göstərməyin ortaq tarixi-mədəni dəyərlərə verilən yüksək qiymətin ifadəsi olduğunu qeyd edib. Onun fikrincə, bu cür təşəbbüslər Azərbaycan və İran xalqları arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin, eləcə də mədəni-humanitar əməkdaşlığın daha da inkişafına xidmət edir.
