Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olub. O qeyd edib ki, Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq ideyalarının və müstəqil dövlətçilik düşüncəsinin parlaq nümunəsi idi.
Ceyhun Məmmədov vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm addımlar atıb. Parlamentin formalaşdırılması, milli ordunun yaradılması, dövlət atributlarının təsis olunması və qadınlara seçmək-seçilmək hüququnun verilməsi həmin dövr üçün tarixi qərarlar kimi qiymətləndirilib.
Deputat paylaşımında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsi sonrakı dövrlərdə də xalqın milli yaddaşında yaşayaraq müstəqillik ideyasının qorunmasına xidmət edib.
Paylaşımda Ümummilli Lider Heydar Aliyevin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə də toxunulub. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident Ilham Aliyev tərəfindən uğurla davam etdirilir.
Ceyhun Məmmədov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və milli birliyini nümayiş etdirir.
Sonda deputat Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizə daim inkişaf, qüdrət və firavanlıq arzulayıb.
