Bugun.TV xəbər verir ki, Çin ABŞ-ın İranın dəniz limanlarına qarşı blokada tətbiq etmək qərarından sonra bütün tərəfləri sakitliyə və təmkinli davranmağa çağırıb.
Reuters-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Hörmüz boğazı beynəlxalq ticarət və enerji daşımaları üçün mühüm marşrutdur. Onun sözlərinə görə, boğazda təhlükəsizliyin və sabitliyin qorunması, eləcə də gəmiçiliyin maneəsiz davam etməsi beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir.
Pekin hesab edir ki, bölgədə yaranmış vəziyyətin əsas səbəbi İranda davam edən müharibədir. Çin tərəfi problemin həlli üçün hərbi qarşıdurmanın dayandırılmasını və danışıqların davam etdirilməsini vacib sayır.
Çin rəsmisi bütün tərəfləri sakit olmağa, təmkin nümayiş etdirməyə və gərginliyin daha da artmasına yol verməməyə çağırıb.
ABŞ-ın blokada qərarı xüsusilə enerji daşımaları baxımından beynəlxalq narahatlığı artırıb. Hörmüz boğazından dünya neft və qaz tədarükünün təxminən beşdə biri keçir. Bu səbəbdən bölgədə hərbi gərginliyin artması qlobal enerji və ticarət bazarlarına təsir göstərə bilər.
Mənbə: Reuters
