Bugun.tv xəbər verir ki, Çin Prezidenti Si Cinpin Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı dörd əsas təklif irəli sürüb.
CNN-in məlumatına görə, Çinin Qahirədəki səfiri Liao Liçyan Si Cinpinin mövqeyini açıqlayaraq bildirib ki, region ölkələri təhlükəsizlik və sabitlik məsələlərində daha çox özləri qərar verməlidirlər. Pekin Yaxın Şərq dövlətləri arasında dialoqun gücləndirilməsini və xarici müdaxilənin azaldılmasını dəstəkləyir.
Çin tərəfi regiondakı müxtəlif münaqişələrin bir-biri ilə əlaqəli olduğunu və onların ayrı-ayrılıqda deyil, ümumi yanaşma ilə həll edilməli olduğunu düşünür. Təkliflərdə Fələstin məsələsinin Yaxın Şərq probleminin əsasını təşkil etdiyi də xüsusi vurğulanır.
Si Cinpin həmçinin iqtisadi inkişafın regional təhlükəsizliyin əsas dayaqlarından biri olduğunu bildirib. Çin beynəlxalq gəmiçilik yollarının təhlükəsizliyinin qorunmasına, region ölkələri arasında iqtisadi əməkdaşlığın artırılmasına və qarşılıqlı etimadın gücləndirilməsinə hazır olduğunu açıqlayıb.
Pekin hesab edir ki, Yaxın Şərqdə təhlükəsizlik məsələləri BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.
Mənbə: CNN
