21 C
Baku
8 Oktyabr 2024, 3:21
Mədəniyyət

Cins şalvarım…

Əvvəllər kişilər papaqları ilə tanınardı, indi kişilər şalvarları ilə. Qonşum Balami demişkən, özün nacins olsan eyib etməz, şalvarın gərək “cins” olsun. Cins şalvar dedim, bu şalvar məni yaman sıxır. Deyəsən heç mənimki deyil axı!? İşə bax a, qızımın şalvarını geyinmişəm. Həmişə beləyəm, axşam ki, bir az çox vurdum, səhər bir hoqqa çıxartmalıyam. Bu yaxşıdır, keçən dəfə arvadımın ayaqqabısını geyib, işə getmişdim. Kabluku sınmasaydı, bilməyəcəkdim ki, camaat niyə mənə baxıb gülür. (cib telefonunu yığır) Zanitdir, zalım uşaqları yatanda da telefonla yatırlar. Yaxşı ki, xəbər tutdum, bu şalvarda işə getsəydim, yenə biabır olacaqdım. (yenə nömrəni yığır) Cins şalvarlar təzəcə moda minmişdi, dədəm mənə bir cins şalvar aldı. Şalvar elə xoşuma gəldi ki, yatanda da çıxartmaq istəmirdim. Bir gün möhkəm yağışa düşdüm. Göyümtül şalvarım yumurta sarısı kimi saraldı. İnstituta getməyə utanırdım. Başqa şalvarım da yox idi. Əlacsız qalıb, dədəmə məktub yazdım: “Dədə, cins şalvarım nacins çıxdı, mənə bir az pul göndər özümə kostyum alım.” Çox keçmədi dədəm mənə bir az pul, bir də məktub göndərdi. Dədəm yazırdı: “Qadan alım ay oğul, mən heç bilməzdim ki, şalvarlar da insanlar kimi cins və ya nacins olurlar. Şalvarda aldandın eybi yox, amma evlənəndə aldanma. Aşiq olarsan şəhərin tovuzquşu kimi bəzənmiş qızlarına. Oğlum, bil və agah ol, onlar da yağışa düşəndə üzlərinin rəngi sənin nacins şalvarının rəngi kimi gedir. Axtar, cins qız al, nacinsinə ilişmə. ” Alo, alo, şükür Allaha düşmüşəm. Qızım, səhər evdən tələsik çıxdım, sənin şalvarını geyinmişəm. Xəbər etdim ki, şalvarını axtarmayasan, bir azdan gələcəyəm. Necə? Sənin şalvarın əynindədir? Yaxşı sağ ol. Alo, alo, anana şalvar barədə bir söz demə. Sağ ol. Ay demədi ha! Nə oldu yazırlar analarının ovcuna. Yaxşı, bəs mən şalvarımı harada dəyişik salmışam? Dayan, yadıma düşdü, Masya. (nömrəni yığır) Alo Masya, salam, necəsən? Mən də yaxşıyam, dünən pis olmadı, şalvarımı sənin şalvarınla dəyişik salmışam. Şalvar məni yaman sıxır. Heç gəzə bilmirəm. Necə? Sizə həmin şalvarda gəlmişdim? Alo,alo..adboy verdi. Sən demə, bu şalvar mənim əynimdə dünəndən imiş. Ciblərində bir şey var? (axtarır) Cibində siçan oynayır. Allah bilir hansı lütkomundur. Hanı məndə o bəxt, bir milyonçunun şalvarını geyinim? Bəs mən şalvarımı harada, kiminlə dəyişik salmışam? Görəsən kişi şalvarıdır, yoxsa qadın? Eh, mən də…şalvarın nə kişisi, nə qadını, hamısı eynidir. Palto olsaydı, düymələrindən bilinərdi. Tutaq ki, qadın şalvarıdır, bəs harada, hansı şəraitdə mən qadın şalvarı ilə öz şalvarımı dəyişik salmışam? Yadıma qonşumuz Güləli düşdü. Ər-arvad ikisinin bir şalvarı var. Tək günlər Güləli geyir, cüt günlər arvadı, bazar günü yuyub, sərirlər. Bazar günləri Güləli şortikdə gəzir. Elə ki, Güləlini şortikdə gördüm, bilirəm ki, bu gün bazardır. Şortik dedim yadıma Şeyda düşdü. Dünən onlarda olmuşam. (nömrəni yığır) Alo, alo, Şura? Şura, privet. Necəsən? Şalvarımı itirmişəm, bilmirəm harada, kiminlə dəyişik salmışam. Nəyə gülürsən? Sizdədir? Şükür Allaha şalvarımı tapmışam. Yaxşı necə oldu ki, mən sənin şalvarını geyinmişəm? Palçığa yıxılmışdım? Mən? Palçığa? Yadıma gəlmir. Çox sağ ol ki, şalvarımı yumusan. Quruyub, gəlim geyinim? Sənin cinsin məni yaman sıxır. Necə? Gecə zivədən oğurlayıblar? Ay aman, qaldım şalvarsız. İndi gəl arvadı başa sal ki, şalvarımı oğurlayıblar. Mən həmişə beləyəm, bir az normadan çox vurdum, bir hoqqa çıxartmalıyam.
Əhməd Orucoğlu

Bugün TV

Oxşar xəbərlər

Paytaxtda keçirilən Türk Klassik Avtomobil Festivalı son gün maraqla izlənildi

Bugün TV

Tarixi abidəmizə müdaxilə olunub

Aynur Camal

Allah rəhmət etsin

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu